Bu gün Bakı Biznes Mərkəzində sahibkarlar və müvəkkil kredit təşkilatlarının nümayəndələrinin iştirakı ilə “Sahibkarlığın güzəştli kreditləşdirilməsində yeni qaydalar” mövzusunda tədbir keçirilib.
FED.az xəbər verir ki, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirilib ki, sahibkarlığın maliyyə resursları ilə təmin olunması əsas mexanizmlərdəndir. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu fəaliyyət göstərdiyi dövrdə investisiya layihələrinin ümumi dəyəri 4,9 milyard manat olan 35 mindən çox sahibkara 2,2 milyard manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması nəticəsində 164 minə yaxın yeni iş yerinin açılması imkanı yaradılıb.
Güzəştli kreditlərin 72%-i aqrar sektorun, 28%-i sənaye və digər sahələrin inkişafına yönəldilib. Bu kreditlərin 75%-i regionların, 25%-i Bakı qəsəbələrinin payına düşür. 2018-ci ildə geri qaytarılan vəsaitlər hesabına sahibkarlara minimum 170 milyon manat güzəştli kreditin verilməsi təmin ediləcək. Artıq sahibkarlıq subyektlərinə 113,1 milyon manat güzəştli kredit verilib.
Nazirliyin Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri vəzifəsini icra edən Arif Vəliməmmədov Fondun vəsaitlərindən istifadə qaydası, eləcə də güzəştli kreditin verilməsi mexanizmi barədə məlumat verib. Diqqətə çatdırılıb ki, güzəştli kreditlərdən daha səmərəli istifadə məqsədilə Sahibkarlığın İnkişafı Fondunun kreditlərinin illik faiz dərəcəsi 6%-dən 5%-ə endirilib. Eyni zamanda, yeni qaydalarda orta həcmli kreditlərin hədləri dəyişdirilərək 50 001 manatdan 1 000 000 manatadək artırılıb.