Fitch Beynəlxalq Reytinq Agentliyi də COVID-19-la bağlı yaranmış iqtisadi qeyri-müəyyənlik və aşağı neft qiymətləri şəraitində Azərbaycan Beynəlxalq Bankının reytinqinə yenidən baxıb.
FED.az xəbər verir ki, Agentlik Bankın uzunmüddətli defolt reytinqini (IDR) Stabil proqnozla qiymətləndirib və Bankın bu reytinqi “B-” səviyyəsində təsdiqlənib.
Fitch ekspertlərinin fikrincə, malik olduğu əhəmiyyətli kapital buferi və aşağı risk səviyyəsi Azərbaycan Beynəlxalq Bankına öz reytinqlərini qoruyub saxlamağa imkan yaradır. Ona görə də Bankın reytinqlərinin yaxın gələcəkdə aşağı düşmə ehtimalı yoxdur. Bunu nəzərə alaraq Fitch bankın reytinq proqnozunu Stabil müəyyənləşdirir.
Agentlik ekspertlərinin rəyinə görə, Bankın kredit portfelinin ümumi aktivlərə nisbətdə həcmi (27%) və kreditlərin əsasən az riskli layihələrə ayrılması Azərbaycan Beynəlxalq Bankının aktivlərinin keyfiyyətinin aşağı düşməsi ehtimalını azaldır. Aparılan təhlillər 2016-cı ildən bəri bankın balansının da əhəmiyyətli şəkildə sağlamlaşdığını göstərir.
2020-ci ilin fevral ayının sonuna I dərəcəli kapitalının 33%, kapitalın adekvatlıq əmsalının isə 32% təşkil etməsi Azərbaycan Beynəlxalq Bankı üçün güclü kapital buferləri formalaşdıraraq kapitallaşma riskini də minimallaşdırır. Fitch analitikləri bunu nəzərə alaraq hesab edirlər ki, hətta ən pessimist ssenaridə belə Azərbaycan Beynəlxalq Bankının kapital mövqeyi yenə müəyyən edilmiş normalardan yüksək olacaq.
Fitch-in təhlillərinə görə, əməliyyat mühitinin dəyişməsindən irəli gələrək Bankın maliyyələşməsinə və likvidlik profilinə dərhal təzyiqlərin başlanması gözlənilən deyil. Bu baxımdan, hər hansı neqativ təsirlər qarşısında da bankın likvidliyi kifayət qədər güclü mövqedə qalacaqdır.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.