“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sektorunda problemlərin qaldığını qeyd edir. Bu barədə agentliyin məlumatında deyilir.
“Azərbaycanın bank sektoru zəif olaraq qalır ki, bu da Fitch Bank System Indicator (BSI) üzrə "b" göstəricisinə uyğundur”, - deyə məlumatda bildirilir.
2019-cu ilin may ayında qeyri-işlək kreditlərin payı 2018-ci ilin sonuna olan göstərici ilə müqayisədə 1 faiz bəndi azalaraq 12,7% təşkil edib.
“Dollarlaşmanın səviyyəsi yüksək olaraq qalır – depozitlərin 59,6%-i və kreditlərin 35,0%-i xarici valyutada nominallaşdırılıb. Eyni zamanda, prudensial tədbirlər, manat depozitləri üzrə əlverişli faiz dərəcələri və sabit mübadilə məzənnəsi sayəsində dollarlaşmanın səviyyəsi bir qədər azalıb”, - deyə məlumatda qeyd olunur.
“Fitch”, həmçinin sektorun restrukturlaşdırıldığını, özəl sektorun kreditləşdirilmə səviyyəsinin artdığını və kapitallaşma göstəricilərinin yaxşılaşdığını qeyd edib.
“Sektorun restrukturizasiyası prosesi gedir və özəl sektorun kreditləşdirilməsi üzrə artım bərpa olunaraq 2018-ci ildə 14,9%-ə çatıb. Cari ilin may ayında kapitallaşma 24,3%-dək (2018-ci ilin sonuna 19,4%) artıb", - deyə məlumatda vurğulanır.
“Fitch”in qiymətləndirmələrinə görə, 2018-ci ilin sonuna bank sektoru üzrə xalis açıq valyuta mövqeyi 1,1 mlrd. dollar (ÜDM-nin 2,3%-i) təşkil edib ki, bu da dövlət üçün əlavə xərclərin yaranmasına səbəb ola bilər.