“Fitch” beynəlxalq reytinq agentliyi Türkiyənin “Ziraat Bankası A.S.”nin uzunmüddətli kredit reytinqini “BBB-” səviyyəsində təsdiq edib. Proqnoz isə “neqativ”dir.
Bu barədə məlumat agentliyin hesabatında yer alıb.
Hesabatda qeyd olunub ki, “Ziraat Bankası A.S.” Türkiyənin ən iri bankıdır və 2016-cı ilin birinci yarısının nəticələrinə əsasən, aktivlərin və depozitlərin həcminə görə bankın bazar payı 13-14%-dir. “Ziraat Bankası A.S. büdcə istisna olmaqla, dövlətdən davamlı olaraq maliyyə dəstəyi görür. 2016-cı ilin birinci yarısının sonuna bu maliyyələşmənin həcmi 12% təşkil edib. Problemli kreditlərin həcmi isə 1,6%-ə bərabərdir”, - deyə hesabatda bildirilir.
Agentliyin analitikləri hesab edir ki, son dövrdə aktivlərinin keyfiyyətinin yüksək olmasına görə “Ziraat Bankası A.S.”nin gəlirliliyi yaxşı olub: ““Neqativ” proqnoz isə birbaşa suveren reytinqlə əlaqədardır. Suveren reytinq aşağı salındığı təqdirdə bankın dayanıqlılıq reytinqi də aşağı düşə bilər”, - deyə ekspertlər qeyd edir.
Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 2014-cü il 30 dekabr tarixli qərarı ilə "Ziraat Bank Azərbaycan" ASC-yə bank lisenziyası verilib. Bank 2015-ci ildən fəaliyyət başlayıb. Bank 3 səhmdardan ibarət olmaqla açıq səhmdar cəmiyyəti formasında təsis edilib. Bunlardan 99,98% səsvermə hüququna malik səhmlərin sahibi "T.C.Ziraat Bankası A. Ş.", 0,01% səsvermə hüququna malik səhmlərin sahibi "Ziraat Sigorta A. Ş." və 0,01% səsvermə hüququna malik səhmlərin sahibi "Ziraat Yatırım Menkul Değerler A. Ş."-dir.