“Azərbaycanda istehlak kreditləşməsinin həcmi elə də çox deyil”.
FED.az xəbər verir ki, bunu “Unibank” ASC-nin İdarə Heyətinin sədri Faiq Hüseynov son vaxtlar istehlak kreditləşməsininin məhdudlaşdırılması ilə bağlı atılan addımları şərh edərkən deyib.
Eləcə də bax: 8 ayda banklar və BOKT-lar istehlak kreditləşməsinin həcmini - 14,5% ARTIRIB
“Hazırda inkişaf etmiş ölkələrdə istehlak kreditləri ümumi daxili məhsula (ÜDM) nisbətdə 100%-dən çoxdur. Qonşu Rusiyada bu nisbət 15-16%, Azərbaycanda isə cəmi 7%-dir. Yəni, istehlak kreditləri vermək üçün hələ də yerimiz var.
Anlayıram ki, dövlət və tənzimləyici qurum bu növ kreditləşmənin həcminin artmasından narahatdır, 2015-ci ildəki vəziyyətin təkrarlanmasından ehtiyat edir. Amma son illər istehlak kreditləri ilə bağlı tələblər kifayət qədər sərtləşdirilib. İnsanların iş yerinin olub-olmaması, gəlirləri və xərcləri nəzərə alınır. Bu addımlar bankların müəyyən qədər biznes kreditləşməsinə sövq edir. Amma istehlak və biznes kreditləşməsi bir-biri ilə ziddiyyət təşkil etmir. Normal gəlirə malik vətəndaşlara verilən istehlak kreditləri, kredit kartları hesabına onlar nə isə alırlar, dövriyyə yaranır və bu da biznesə kömək edir.
Bu ilin əvvəlindən banklar iqtisadiyyata 7 milyard manat kredit veriblər. Bunun 3,8 milyard manatı biznes kreditləridir. Yəni, biznesin maliyyələşdirilməsi trendi davam edir”, - deyə sədr qeyd edib.
Report