“Expressbank” ASC-də geniş struktur dəyişiklikləri və yeni təyinatlar olub.
Məlumata görə, İdarə Heyətinin üzvü Mehman Məmmədov Kredit Departamentinin direktoru vəzifəsindən azad edilib və hazırda İdarə Heyəti sədrinin müavini kimi fəaliyyət göstərir. Həmin departament isə ləğv edilib.
Bundan başqa Qeyri-Kredit Bank Xidmətləri və Məhsulları şöbəsinin müdiri Lalə Talıbova tutduğu vəzifədən azad edilib, şöbə isə ləğv olunub.
Yeni yaranan Biznes Bankçılıq departamentinin direktoru Nicat Həmidov, Rəqəmsal Xidmətlərin Tətbiqi şöbəsinin müdiri Ləman Şeyxəliyeva, Ödəniş Sistemləri və Hesablaşmalar Mərkəzinin Ödəniş Sistemlərinin İdarə Edilməsi departamentinin direktoru Azər Rəsulov olub. Yenilər sırasına Layihələrin İdarə Edilməsi şöbəsi və Müştəri Sorğuları və Filiallara Dəstək bölməsi də daxildir.
Biznes İnkişaf Departamentinin keçmiş direktoru Yaşar Kərimov yeni yaranan Pərakəndə Bankçılıq departamentinin direktoru, Hesablaşmalar departamentinin keçmiş direktoru Pərvanə Şahmarova yeni yaradılan Ödəniş sistemləri və Hesablaşmalar Mərkəzinin Hesablaşmalar departamentinin direktoru, Bank Kartları departamentinin keçmiş direktoru Teymur Ağakişiyev yeni yaradılan Ödəniş Sistemləri və Hesablaşmalar Mərkəzinin direktoru təyin edilib.
Bölmədən şöbəyə çevrilən Nağd Vəsaitlərin və Digər Qiymətlilərin Saxlanılması və Uçotu şöbəsinə Gülnarə İslamova, Maliyyə Əməliyyatları Monitorinqi şöbəsinə isə Anar Abıyev müdir təyin olunublar. Maliyyə Əməliyyatlarının Monitorinqi bölməsi və Nağd Vəsaitlərin və Digər Qiymətlilərin Saxlanılması və Uçotu bölməsi də şöbəyə çevrilib.
Digər struktur dəyişiklikləri nəticəsində “ExpressPay” Layihəsinin İnkişafı şöbəsi “ExpressPay” şöbəsinə, Problemli Kreditlər şöbəsi Gecikməkdə Olan Kreditlərlə İş şöbəsinə çevrilib.
Bank Kartları departamenti və Maliyyə departamenti də tamamilə ləğv edilənlər sırasındadır.
Struktur dəyişiklirindən sonra departament və bölmələrin sayı 11 və 3 ədəd olaraq qalıb, şöbələrin sayı isə 8-dən 11-ə kimi artıb.