Bank sektorunun fəal iştirakçılarından olan «Expressbank» 2024-cü ilin 2-ci rübünü mənfəətlə başa vurub.
Azərbaycan bankları 2-ci rübü belə başa vururlar – MƏNFƏƏT-ZƏRƏR – SİYAHI (YENİLƏNİR)
FED.az bankın hesabatına istinadən xəbər verir ki, 2024-cü ilin ilk yarısında bankın faiz gəlirləri 32 milyon 185 min manat olub. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 5,2 milyon manat və ya 20% artıqdır. Faiz gəlirlərinin böyük hissəsi 29,6 milyon manatı kredit portfelinin (6 milyon manat artıb), 2,5 milyon manat isə digər faiz gəlirlərinin – banklardakı depozitlər və maliyyə təşkilatlarına ayrılmış kreditlər üzrə «Expressbank»a ödənilən məbləğlər, eləcə də qiymətli kağızların payına düşüb.
Yeni gəlmişkən, ötən il «Expressbank»ın maliyyə təşkilatlarına kreditləri və ondan gəlirləri yox idi, bu il bank gəlir mənbələrini bir qədər şaxələndirib.
Bankın faiz xərcləri isə əvvəlki illə müqayisədə 1,8 milyon manat artaraq təqribən 9 milyona çatıb. Belə ki, bankın öz əmanətçilərinə ödədiyi məbləğ 5 milyon manatı keçib, üstəlik AMB və digə təşkilatlar qarşısındakı borclara görə ödənilən faizlər təqribən 2 dəfə artaraq 1,6 milyon manata çatıb.
Hesabat dövründə «Expressbank»ın qeyri-faiz gəlirləri 9,8 milyon manat (6,2% artıb), qeyri-faiz xərcləri isə 23,2 milyon manat (12,7% artıb) təşkil edib.
2024-cü ilin ilk yarısında bankda inzibati xərclər dəyişməsə də (3,4 milyon manat), əmək haqqı xərcləri 6 ayda 1,5 milyon manat artaraq 11,6 milyon manat olub.
Nəticədə bank 2024-cü ilin ilk yarısını 9,8 milyon manat əməliyyat mənfəəti ilə tamamlayıb. Bundan 2,2 milyon manat mümkün zərərlər üzrə ehtiyata ayrıldıqdan, eləcə də 1,6 milyon manat mənfəət vergisi ödənildikdən sonra bankın xalis mənfəəti 6 milyon 19 min manat təşkil edib.
2-ci rübün sonuna «Expressbank»ın aktivləri 556,9 milyon manat olub, bu ilin əvvəlinə nisbətən 3 milyon manat azdır.
Əvəzinndə bankın kredit portfeli kəskin artaraq 409 milyon manatdan 441 milyon manata yüksəlib. Bu il «Expressbank»da kreditlərin bütün növləri üzrə artım baş verib.
Bank kredit portfelini artırmaq üçün vəsaitləri qiymətli kağızlara yatırımlardan geri çəkib, bu səbəbən həmin göstərici 51 milyondan 31 milyon manata enib.
2-ci rübün sonuna «Expressbank»ın öhdəlikləri 420 milyon manat, ümumi depozit portfeli isə 218 milyon manat olub. Bankda fiziki şəxslərin əmanətləri 18 milyon manat artaraq 152 milyondan 170 milyona yüksəlib, şirkətlərin depozitləri isə 47,7 milyon manat olub.
Bundan başqa, «Expressbank»ın digər kredit təşkilatları qarşısında 169 milyon manatlıq öhdəliyi var.
Hesabat dövrünün sonuna «Expressbank» kapital mövqeyini yaxşılaşdırıb, bankın cəmi kapitalı təqribən 6 milyon manat artaraq 129,9 milyon manatdan 136,2 milyon manata yüksəlib.