Ölkə banklarının əksəriyyətində depozit portfelinin fiziki şəxslər üzrə payı azalsa da, “Expressbank”da bu tendensiya əksinədir. FED.az xəbər verir ki, bankın fiziki şəxslər üzrə depozitlərinin həcmi 93 milyon 526 min manatdır və bu, portfelin 65%-ni təşkil edir. Vəsaitlərin 74 milyon 743 min manatı isə müddətli əmanətləridir və bu seqmentdə artım müşahidə olunur.
Eyni zamanda enerji sektoruna aid şirkətlər 42 milyon 371 min manat həcmində öz depozit hesablarını bu bankda saxlayırlar və bu məbləğ portfelin 29 faizini təşkil edir.
Ticarət sektorunun bankdakı vəsaitləri 4 milyon 870 min manat, nəqliyyat 1 milyon 685 min manat təşkil edir.
Məlumdur ki, depozitlər bankların kredit vermək üçün ən başlıca maliyyə mənbəyidir. “Expressbank”ın verdiyi kredit portfeli ilin əvvəli ilə müqayisədə 4 milyon manat azalsa da, digər banklarla müqayisədə daha ön mövqelərdədir.
Bankın verdiyi kreditlərin sahələr üzrə strukturunda isə tikinti sektorunun payı diqqəti çəkir. Belə ki, bankın 167 milyon 608 min manatlıq kredit portfelinin 41 milyon 54 min manatı və ya 24%-i bu sektora düşür. Sənaye sahələri üzrə şirkətlərinin götürdükləri pula görə bu banka 46 milyon 939 min manat borcları var və bu, portfeldə 28% təşkil edir. Fiziki şəxslərə verilən borclar isə ən böyük pay olmaqla, 44% ilə 73 milyon 61 min manat civarındadır.
Bank ticarət və xidmət sektoruna 5 milyon, kənd təsərrüfatına 1 milyon 527 min manat kredit verib.
Qeyd edək ki, kredit portfelinin 148 milyon 672 mini manatda, 19 milyonu xarici valyutadadır.