Biznesin İnkişafı Fondu sahibkarlara verilən güzəştli kreditlərin banklar üzrə bölgüsünü açıqlayıb.
FED.az xəbər verir ki, 2025-ci ilin 9 ayı ərzində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə ümumilikdə 4 590 layihəyə 249,1 milyon manat güzəştli kredit verilib. Hər layihəyə ayrılan kredit orta hesbala 54 min manat təşkil edib.
İlk 9 ayda sahibkarların investisiya layihələrinə verilmiş güzəştli kreditlərin sayına görə "Bank Respublika", "Rabitəbank", "Yelo Bank", "AccessBank" və "Kapital Bank" fərqlənib.
Belə ki, bu dövrdə "Bank Respublika" 1330 layihəyə, "Rabitəbank" 848 layihəyə, "Yelo Bank" 817 layihəyə, "AccessBank" 748 layihəyə, "Kapital Bank" isə 300 layihəyə kredit ayırıb.
Başqa sözlə, güzəşti kredit layihələrinin 4 mini və ya 88%-i bu 5 bankın payına düşüb.
Güzəştli kreditlərin məbləğinə gəlincə isə ilk yerləri "Bank Respublika", "Kapital Bank", "PAŞA Bank", "Yelo Bank" və "Rabitəbank" tutur.
Bu dövrdə "Bank Respublika" 51 milyon manat, "Kapital Bank" 29 milyon manat, "PAŞA Bank" 28,5 milyon manat, "Yelo Bank" 26 milyon manat, "Rabitəbank" isə 24 milyon manat güzəştli kredit ayırıb.
Başqa sözlə, hesabat dövründə verilən bütün güzərtli kreditlərin 158 milyon manatı və ya 3-də 2-si bu bankların payına düşüb.

















