Hazırda Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 141 cinayət işinin istintaqı aparılır. Həmin cinayət işlərinin 12% bank və bank olmayan kredit təşkilatları ilə bağlıdır. Digər sektorlarla müqayisədə bu, ən yüksək göstəricidir.
FED.az-ın məlumatına görə, bu barədə Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bildirib.
K. Əliyev qeyd edib ki, ötən il istintaqı tamamlanaraq məhkəməyə göndərilən işlərin ən çoxu bank və bank olmayan kredit təşkilatları ilə bağlı olub. Həmin sahə üzrə 43 cinayət işinin istintaqı tamamlanaraq məhkəmələrə göndərilib.
İkinci yerdə özəl sektor gəlir. Bu sahə ilə bağlı 35 vəzifəli şəxs məsuliyyətə cəlb olunub.
Bundan başqa, istintaqı aparılan cinayət işlərinin 10-u ticarət, 10-u tikinti ilə bağlı olub. Yerli icra hakimiyyətləri ilə bağlı 5 vəzifəli şəxs barəsində cinayət işinin istintaqı tamamlanaraq məhkəmələrə göndərilib.