«Ekspressbank» bu ilin yanvar-sentyabr ayları üzrə fəaliyyətinin nəticələrini açıqlayıb.
Banklar 2020-ci ilin 3-cü rübünü belə başa vurdular - MƏNFƏƏT VƏ ZƏRƏR - SİYAHI - YENİLƏNİR
FED.az bankın hesabatlarına istinadən xəbər verir ki, hesabat dövründə bankın faiz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 7,3% artaraq 29 milyon 955 min manat olub. Faiz gəlirlərinin artımı bankın kreditlərdən (əlavə 1,8 milyon manat) və qiymətli kağızlardan (əlavə 600 min manat) əldə etdiyi gəlirlər hesabına baş verib.
Bu dövrdə bankın faiz xərcləri isə 25% azalaraq 5 milyon 995 min manat olub. Azalma depozit faizlərinin daha az ödənilməsi (2,2 milyon manat fərq edib) hesabına baş verib.
Nəticədə bankın xalis faiz gəliri 23 milyon 960 min manat olub, yəni ötənilkindən 20% artıq.
Bu dövrdə bankın qeyri-faiz gəlirləri 9 milyon 635 min manat, qeyri-faiz xərcləri isə 24 milyon 364 min manat təşkil edib.
Əməliyyat mənfəəti 2 dəfədən çox artıb
Nəticədə ilk 9 ayın yekunlarına görə, «Expressbank»ın əməliyyat mənfəəti 9 milyon 231 min manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 dəfə artıqdır.
Bu il «Expressbank» zərərlər 724 min manat ehtiyat ayırıb, ötən il isə həmin məqfədlə ayrılan vəsaitlərdən 21 milyon manatını balansına qaytara bilmişdi.
Nəticədə bankın vergiyə qədərki mənfəəti 8,5 milyon manata yüksəlib. Mənfəət vergisi ödənişindən (1 081 min manat) sonra bankın xalis mənfəəti 7 milyon 426 min manat olub.
2020-ci ilin 9 aynıın yekunlarına görə, «Expressbank»ın aktivləri ilin əvvəli ilə müqayisədə 10% azalaraq 304,4 milyon manat təşkil edib. Bu dövrdə bankın kredit portfeli 205,5 milyon manat təşkil edib.
İlin əvəli ilə müqayisədə bankın istehlak kreditləri 7,6% azalıb, biznes kreditləri isə 9,4% artaraq 64 milyon manata yüksəlib.
Hesabat dövrünün sonunda «Expressbank»ın öhdəlikləri 224 milyon manatdan 182,6 milyon manata enib. Bankın depozit portfeli isə 112,8 milyon manat olub.
Əvəzində «Expressbank»ın kapitalı 7,5 milyon manat və ya 6,5% artaraq 121,8 milyon manata yüksəlib.