Azərbaycanın ən geniş filial şəbəkəsinə malik olan banklarından «Muğan bank» 2022-ci ilin ilk yarısı üzrə maliyyə göstəricilərini açıqlayıb.
"Muğanbank" işçilər axtarır - VAKANSİYALAR
FED.az bankın hesabatına istinadən xəbər verir ki, ilk yarım ildə bankın faiz gəlirləri 5,6 milyon manat və ya 43% artaraq 18,6 milyon manata yüksəlib. Bu vəsaitin böyük hissəsi – 17,5 milyon manatı kreditlərdən daxil olan faiz gəlirləridir.
Bankın faiz xərcləri isə 3,7 milyon manat və ya 30% artaraq 12,7 milyon manatdan 16,5 milyon manata yüksəlib.
İlk yarım ildə «MuğanBank» bankdakı depozit sahiblərinə 12,9 milyon faiz ödənişi edib, bu rəqəm əvvəlki ilin eyni dövrü ilə müqayisədə 32% artıqdır.
Nəticədə yarım ilin sonunda bankın xalis faiz gəliri 6 dfə artaraq 2 milyon 145 min manata yüksəlib. Ötən ilin eyni dlövründə bankın xalis faiz gəliri 365 min manat idi.
Faiz gəlirlərini «qaydaya salan» bankın qeyri-faiz gəlirlərində də ciddi artım olub. İlk yarım ildə «Muğanbank»ın qeyri-faiz gəlirləri 6 milyon manatdan çox, və ya 40% artaraq 21,6 milyon manata yüksəlib.
Bu dövrdə bankın haqq və komissiya gəlirləri 6,5 milyon manat və ya 73% artaraq 8,8 milyon manatdan 15,3 milyon manata qalxıb.
Qeyd etmək lazımdır ki, bankın filial şəbəkəsi geniş olduğundan «Muğanbank» bu üstünlükdən maksimum yararlana bilib. Bank xarici valyuta əməliyyatlarından gəlirlərini 4 dəfə artıraraq 6,3 milyon manata yüksəldib.
2022-ci ilin ilk 6 ayında «Muğanbank»ın qeyri-faiz xərcləri 4,7% artaraq 15,7 milyon manat olub.
Əmək haqqı xərcləri 5% azalaraq 5,9 milyon manat, digər xərclər isə 30% artaraq 7,6 milyon manat olub.
Nəticədə «Muğanbank» 2022-ci ilin yarım ilini 8 milyon 68 min manat əməliyyat mənfəəti ilə başa vurub. Bu ötən ilin eyni dövrü ilə müqayisədə (768 min manat) 10 dəfə artıqdır.
Bu məbləğdən 7,56 milyon manat mümkün zərərləri qarşılamaq üçün ehtiyata ayrılıb, nəticədə bank yarım ili 506 min manat xalis mənfəətlə tamamlayıb.
İlk yarım ildə «Muğanbank»ın aktivləri cüzi (1%) azalaraq 697,7 milyon manata bərabər olub.
Bu dövrdə bank başqa banklardakı depozitlərini təqribən 2 dəfə azaldaraq – 141 milyondan 77 milyon manata endirib.
Əvəzində kredit portfeli təqriğbən 26 milyon manat və ya 7% artaraq 428 milyon manatı keçib.
Bu dövrdə biznes kriditləri 15 m ilyon maat, istehlak kreditləri 10 milyon, daşınmaz əmlak kreditləri 2 milyon manat artıb.
İlk yarım ilin nəticələrinə görə, «Muğanbank»ın öhdəlikləri 604 milyon manat təşkil edib. Ötən ilin eyni dövründə bu göstərici 616 milyon manatdan artıq olmuşdu.
Öhdəliklərin yarıdan çox hissəsi – 360 milyon manat - depozit portfelinin payına düşüb. Bankda fiziki şəxslərin əmanətləri 24 milyon manat artaqaq 304 milyon manat, hüquqi şəxslərin vəsaitləri isə 54 mily1on manat olub.
Bundan başqa, «Muğankbank»ın Mərkəzi Bank qarşısına 193 milyon manat öhdəliyi mövcuddur.
Hesabat dövrünün sonuna «Muğankbank»ın kapitalı 93,4 milyon manat təşkil edir ki, bu da ilin əvvəli ilə müqayisədə 1,8 milyon manat artıqdır.