"Əmanətlərin sığortalanması haqqında" qanunun 22.3.1-ci maddəsinə uyğun olaraq, 30 iyul 2007-ci il tarixdə 19 nömrəli reyestr nömrəsi ilə Əmanətlərin Sığortalanması Fonduna üzv olan "Texnikabank" ASC 3 fevral 2016-cı il tarixində fonda üzv bankların reyestrindən çıxarılıb, ona verilmiş şəhadətnamə ləğv edilib və 4 fevral 2016-cı il tarixdə bankda sığorta hadisəsi baş verib.
Fonddan FED.az-a verilən məlumata görə, "Əmanətlərin sığortalanması haqqında" qanunun 28.3-cü maddəsinə əsasən fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.
Əmanətlərin Sığortalanması Fondu Ləğv prosesində olan "Texnikabank" ASC-nin qorunan əmanətçilərinin diqqətinə çatdırır ki, qorunan əmanətçilərə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üçün son gün 12 fevral 2017-ci il hesab olunur. Bununla əlaqədar olaraq kompensasiyaların alınması üçün müraciət etməyən qorunan əmanətçilərdən 12 fevral 2017-ci il tarixə kimi kompensasiyaların geri alınması üçün fonda müraciət etməkləri xahiş olunur.
"Əmanətlərin sığortalanması haqqında" qanunun 28.4-cü maddəsinə əsasən əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu qanunun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq 5 il müddətində saxlanılır.