Xəbər verildiyi kimi, Azərbaycan Mərkəzi Bankının rəhbərliyində dəyişipklik gözlənilir.
FED.az-ın məlumatına görə, təqribən 30 il banka rəhbərlik etmiş Elman Rüstəmovun AMB idarə heyəti üzvlüyündən çıxarılması və AMB rəhbərliyinə (idarə heyəti üzvlvyünə) indiyədək «Paşa Bank»ın rəhbəri olmuş Taleh Kazımovun gətirilməsi ilə bağlı Milli Məclisə dövlət başçısının təqdimalları daxil olub.
Artıq paplamentdə – daha dəqiqi parlaimentin iqtisadi siyasət və sahibkarlıq komitəsində bu təqdimatların ilkin müzakirəsi baş tutub və gözlənildiyi kimi, deputatlar dövlət başçısının təşəbbüsünü dəstəkləyiblər.
Bu gün – aprelin 12-də isə bu məsələ parlamentin plenar iclasında baxılacaq.
Elman Rüstəmovun ölkənin bank sektorunun qurulmasında mühüm rolu olsa da, əhali onu daha çox 2015-ci ildə baş verən devalvasiyalardan tanıyır.
İqtisadçı ekspert Samir Əliyev bildirir ki, AMB indiki rəhbəri devalvasiya tərəfdarı deyildi və onun vəzifəsini tərk etməsi devalvasiya ehtimalını artıracaq.
«Azərbaycan tarixində Mərkəzi Bankın ən uzunmüddətli rəhbəri olmuş Elman Rüstəmov yola salınır.
Yəqin ki bundan sonra kimsə bu vəzifədə uzun müddət qalmayacaq. Qərar həm gözlənilirdi, həm də yox. Ona görə gözlənilməz oldu ki, 2 il öncə prezident tərəfindən namizədliyi növbəti dəfə irəli sürülmüşdü və gözləmək olardı ki, 2025-ci ilə qədər postunda qalacaq. Hakimiyyətin yüksək eşalonunda təmsil olunan şəxslərin kiçik istisnalarla tam dəyişməsi isə bu qərarı təəccüblü etmədi. Əslində Elman Rüstəmovun son iki təyinatı kiritik dövrə təsadüf edib. Birinci devalvasiya (2015), ikinci pandemiya (2020) ilinə. Hər ikisində milli valyutanın devalvasiya məsələsi gündəmdə olub. Ola bilsin prezident kritik dövrdə dəyişikliyə getməyə risk etməyib.
Müasir Azərbaycanın mövcud bank sistemi müsbət və mənfi tərəfləri ilə birlikdə Elman Rüstəmova məxsusdur. O, ikinci müstəqilliyin 31 ilinin 30 ilini Mərkəzi Bankın rəhbəri vəzifəsində olub. 1992-1995-ci illərdə MB-nin İdarə Heyəti sədrinin 1-ci müavini, 1995-ci ildən bu günə kimi sədri vəzifəsində olub. Bu baxımdan onun fəaliyyətinə qiymət verəndə başqa şəxslə müqayisə etmək imkanı məhduddur.
Elman Rüstəmov Mərkəzi Bankın rəhbəri olaraq bank sektorunda daim konservativ yanaşma tətbiq edib, bankların xarici maliyyə bazarına çıxışı məhdud olub, xarici bankların ölkəyə daxil olması mümkünsüz edilib. Onun rəhbərliyi dövründə əhalinin banklara və milli valyutaya (ilk devalvasiyaya qədər) inamının bərpasına nail olub. Ən azı 90-cı illəri yaxşı xatırlayırıq. Ölkədə dollarlaşma səviyyəsi aşağı düşüb. İnflyasiya səviyyəsi, o cümlədən idxal inflyasiyası minimuma endirilib. Təəssüf ki, bank sektorunda kredit faizlərinin yüksək olması, kiçik və orta sahibkarlığın kreditə əlçatanlığının zəif olması, bankların məhdud xidmətlər göstərməsi, bank müştərilərinin hüquqlarını pozulması kimi problemlər həllini tapa bilməyb. Bu azmış kimi, neftin ucuzlaşması fonunda yaranmış vəziyyət, devalvasiya göstərdi ki, bank sektorunun dayanıqlığı zəifdir. Qısa müddətdə insanların banklara və manata olan etimadı itməyə başladı.
Bu gün cəmiyyətdə mövcud olmuş rəyin əksinə olaraq qeyd etməliyəm ki, ölkədə devalvasiyanın əsas əleyhdarlarından biri olub. Təsadüfi deyil ki, 2015-ci ildə devalvasiyanın qarşısını almaq üçün Mərkəzi Bankın valyuta ehtiyatının 2/3-si qurban verməyə çəkinməyib. Aydın məsələdir ki, Azərbaycan kimi ölkələrdə devalvasiya qərarını Mərkəzi Bank verə bilməz. 2009-cu ildə və 2020-ci illərdə manatın devalvasiyası riski olduğu halda Mərkəzi Bank manatın məzənnəsini qorudu. 2015-ci ildə isə mümkün olmadı. Elman Rüstəmovun gedişindən sonra devalasiyanın olma ehtimalı artacaq. Çünki o, uzun müddət siyasi hakimiyyəti manatın məzənnəsini sabit saxlamağın vacibliyinə inandıra bilmişdi.
E.Rüstəmovun fəaliyyətində əsas nöqsan bank sisteminin, valyuta rejiminin liberal olmaması ilə bağlı olub. Ancaq bunun səbəbi ölkə iqtisadiyyatının strukturuda axtarmaq lazımdır. Çünki ümumi iqtisadiyyatı liberal olmayan ölkələrdə bank sektorunun liberallaşması da mümkünsüzdür.
Mərkəzi Banka yeni rəhbərin Taleh Kazımov olduğu bildirilir. Baza təhsili texniki olsa da sonrada maliyyə üzrə ixtisaslaşıb. Bələd olmadığım üçün yeni sədrin fəaliyyətinə qabaqcadan fikir bildirmək istəmirəm. Mətbuatda oxudum ki, devalvasiyanın əleyhdarıdır. Bu fikrin hazırda heç bir əhəmiyyət yoxdur. Çünki açıqlama bank rəhbəri tərəfindən verilib və heç bir bank devalvasiyada maraqlı deyil. Əsas məsələ bundan sonradır. Mərkəzi Bankın rəhbəri olduqdan sonra yenə də devalvasiya əleyhdarı olacaqmı? Onu zaman göstərəcək. Görünən odur ki, hökumət bank sektorunda canlanma etmək fikrindədir. Bu canlanmanın nədən ibarət olduğunu isə yeni rəhbərin dövründə görəcəyik».