“Ölkədə biznes kreditlərinin illik faiz dərəcəsi, əsasən, Azərbaycan Mərkəzi Bankının (AMB) müəyyən etdiyi uçot dərəcəsi əsasında formalaşır”.
FED.az “Report”-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AMB-nin sədri Elman Rüstəmov deyib.
“Bununla yanaşı, əmanət faizləri, eləcə də dövlət qiymətli kağızlarının da gəlirliliyi müəyyən qədər uçot dərəcəsindən asılı olaraq dəyişir. Burada birbaşa təsirə o vaxt nail olacağıq ki, inflyasiyanın hədəflənməsi rejiminə keçəcəyik”, - o qeyd edib.
Bundan başqa, baş bankir bildirib ki, son 25 ildə Azərbaycanda orta illik inflyasiya 5% civarında olub, manat ABŞ dolları qarşısında cəmi iki dəfə kəskin ucuzlaşıb: “Halbuki qonşu ölkələrdə milli valyutanın kəskin dəyərdən düşməsi 10 dəfəyə qədər baş verib”.