«Nikoil Bank» ASC-nin kredit portfelinin durumu məlum olub. FED.az bankın hesabatına istinadən xəbər verir ki,bu ilin birinci rübündə bankın kredit portfeli 260 milyon 245 min manat olub. Son 1 ildə Bankın kredit portfeli 6,8% kiçilib.
Kreditlərin 91%-i 3 ahənin payına düşür
Portfelin iqtisadi sektorlar üzrə bölgüsünə gəlincə, «Nikoil Bank» ən çox krediti 3 sahəyə ayırıb. Bunlar Fiziki şəxslər (istehlak və ipoteka), emal sənayesi və ticarət sahəsi olub.
Bank fiziki şəxslərə 148 milyon 841 min manat, emal sənayesinə 40 milyon 159 min manat, ticarət sahəsinə isə 24 milyon 535 min manat kredit verib. «Nikoil Bank»ın bütün kredit portfelinin 91,5%-i bu sahələrin payına düşür.
Eləcə də bax: "Bank Standard"ın Kreditorlar Komitəsinin sədri - İSTEFA VERƏCƏK
Bakı, Abşeron və …Sabirabad
«Nikoil Bank» ən çox krediti Bakı və Abşeronda verib. Belə ki, Bakıda 175 milyon 810 min manat, Abşeronda isə 16 milyon 779 min manat kredit verilib. Bankın 3-cü ən çox məbləğdə kredit verdiyi bölgə Sabirabad olub. Bu rayonda bank 11 milyon 715 min manat kredit verib.
Bank «əli ilə vrdiyi krediti ayağı ilə» axtarır
«Nikoil Bank»ın verdiyi kreditlərin 68 milyon 688 min manatı vaxtı keçmiş kreditlərdir ki, bu da ümumi kredit portfelinin 26,39% deməkdir. Bu ölkə üzrə orta göstəricidən 2 dəfədən də artıqdır (problemli kreditlərin ölkə üzrə orta göstəricisi 11,9% təşkil edir).
Kredit portfelinin cəmi 64%-i qənaət bəxşdir
Bankın verdiyi kreditlərin 25,73% isə ümidsiz hesab olunur.
Ümumilikdə bankır kredit portfelinin yalnız 64%-i qənaətbəxş sayılır. Qalan hissə isə «təhlükəli», «ümidsiz» və «nəzarətdə olan», «qeyri-qənaətbəxş» hissələrə ayrılıb.
Bankın cəmi kreditlər üzrə ehtiyatları 57 milyon 676 min manat təşkil edir ki, bu da kredit portfelinin 22,16% deməkdir.
Ən «problemli» sahələr məlum oldu
«Nikoil Bank»a problem yaradan kreditlər ən çox kredit verdiyi sahələr olub. Bankın Fiziki şəxslər (istehlak və ipoteka) verdiyi kreditlərin 38 milyon 498 min, ticarət sahəsinə ayırdığı kreditin 10 milyon 278 min manatı, emal sənayesinə verdiyi kreditin isə 6 milyon 420 min manatı problemli olub.
Ayrı-ayrı sahələrə baxanda, istehlak kreditlərində problemli hissə 25,9%, emal sənayesində 16% təşkil edir. Ən yüksək problemli kreditlərin olduğu sahələrdən biri ticarətdir – burada verilən hər 100 manat kreditin 42 manatı problemlidir.
Tikintiyə pul ayırmaq risklidir
«Nikoil Bank»ın tikinti sahəsinə verdiyi kreditlərin isə yarıdan çoxu problemlidir – 10 milyon 963 min manatlıq kreditin 5 milyon 676 min manatının qaytarılmasında çətinlik var. Tikinti və ticarət sahələrinə baxanda aqrar sahəyə verilən kreditlər daha etibarlı görünür – bu sahəyə verilən 12,9 milyon manatlıq kreditin cəmi 3,4 milyon manatı və ya 26,2%-i problemlidir.
Qeyd edək ki, bir qədər əvvəl «Nikoil Bank»ın idarə heyətinin sədri Nokolos Şurqaia FED.az-a müsahibəsində bankda ciddi yeniliklərin olduğunu və «problemlərin arxada qaldığını» bildirmişdi.