Bir neçə bank var ki, onların vəziyyəti yaxşı deyil. Bu banklar bağlana bilər.
FED.az xəbər verir ki,bunu açıqlamasında iqtisadçı-ekspert Əkrəm Həsənov bildirib.
Onun sözlərinə görə, bu banklar elə də böyük deyil:
“Həmin bankların sağlamlaşdırılması istiqamətində heç bir addım atılmır. Faktiki problemli bankın sağlamlaşdırılmasının iki yolu var. Birincisi, əlavə səhmdarın cəlbidir. Son bir ildə hansısa səhmdar banka pul yatıraraq payçı olmağa təşəbbüs etməyib. İkincisi, Mərkəzi Bankın banklara kredit verməsidir. Bu da baş vermir”.
Ə.Həsənov deyir ki, bankların əsas çətinliyi problemli kreditlərinin çox olmasıdır:
“Banklar məcbur qalıb həmin kreditlərin bəzən elə 100 faizi həcmində ehtiyatlar yaradıblar. Ehtiyat yaratdıqları üçün də kapitalları çox aşağıdır. Bu, nəinki qanunvericilikdəki bankların minimal məcmu kapitalına dair tələbi ödəmir, hətta bəzilərinin məcmu kapitalı mənfidir. Ancaq bu, o demək deyil ki, bu, bank bağlanmalıdır. Əgər bank həmin kreditləri qaytara biləcəksə, bu problem həll oluna bilər”.
Ekspert bildirir ki, banklar kredit ala bilmədikləri üçün pulları yoxdur. Onlar verdikləri kreditlərin qaytarılacağı vaxtı gözləyirlər:
“Bəzi banklar son bir ildə xeyli problemli kreditləri qaytarmağa nail olublar. Ancaq Palata nəinki banklara kredit almaq üçün müsbət rəy vermir, hətta onların bir hissəsinə sanksiya qoyub, fəaliyyətlərini məhdudlaşdırıb.
Xüsusən sığortalanmış əmanət qəbul etməyi qadağan edib. Düzdür, banklar bu barədə ictimaiyyətə məlumat verə bilmirlər. Çünki belə olan halda mövcud əmanətçilər də vəsaitlərini geri çəkəcəklər, yəni bu, panikaya səbəb ola bilər”.
Ə.Həsənov banklara lazımi dəstəyin verilməyəcəyi halda onların bağlanmasının qaçılmaz olacağını vurğulayıb:
“Real tədbirlər görülməzsə, bu banklar necə fəaliyyət göstərəcəklər?! Onlara əmanət qəbuluna da icazə vermirlər. O cümlədən, qeyd etdiyim kimi, səhmdar cəlb etmirlər, kredit ala bilmirlər. Bu halda necə fəaliyyət göstərsinlər?!”