2021-ci ilin Mart ayında fiziki şəxslərin (əhalinin) banklardakı cəmi əmanətləri (depozitləri) 234,7 milyon manat azalıb.
FED.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2021-ci ilin Fevral ayının sonunda fiziki şəxslərin əmanətləri 8 milyard 247,5 milyon manat ikən, Mart ayının sonunda 8 milyard 12,8 milyon manat təşkil edib.
Azalma fiziki şəxslərin tələbli depozitlərinin azalması ilə bağlıdır, müddətli depozitlər artıb. Belə ki, Martda tələbli depozitlər 255,9 milyon manat azalaraq 3 milyard 206,8 milyon manata düşüb, müddətli depozitlər isə 21,2 milyon manat artaraq 4 milyard 806 milyon manata çatıb.
Martda hüquqi şəxslərin depozitləri 631,4 milyon manat artaraq 13 milyard 37,7 milyon manata yüksəlib.
Müddətli depozitlər:
Müqavilə əsasında razılaşdırılmış müddətdə bankda yerləşdirilir və həmin müddət üçün faiz dərəcələri hesablanır. Vəsaiti vaxtından əvvəl hesabdan götürdükdə faizlərin bir hissəsini itirmək mümkündür.
Tələbli depozitlər:
Müştəri öz vəsaitini qeyri müəyyən müddətə bankda yerləşdirir və istədiyi anda bankdan çıxara bilir. Belə məbləğlərə ya ümumiyyətlə faiz hesablanmır, ya da inflyasiyaya uyğun faizlər hesablanır.