Azərbaycanda əhalinin xidmətlərini öz yaxınlarına tövsiyə etdiyi banklar məlum olub.
Eləcə də bax: «Banklar iş adamlarına 3 aylıq - KREDİT GÜZƏŞTİ VERMƏLİDİR» - TƏKLİFLƏR, SİYAHI
FED.az xəbər verir ki, bu «Business Insight» şirkətinin Bakı şəhərində əhalinin həyat tərzini öyrənmək məqsədi ilə keçirdiyi sorğuda məlum olub.
Sorğuda «Fərz edin ki, ailə üzvünüz, yaxınınız və ya dostunuz hər hansı bank xidmətlərindən istifadə etmək istəyir. Bu halda həmin şəxsə hansı bankı tövsiyə edərsiniz?» sualına cavab verən iştirakçılar müxtəlif bankların adını çəkiblər.
Ən çox adı çəkilən bank «Kapital Bank» olub. Respondentlərin 34,2%-i ailə üzvü, dostu və ya yaxınına «Kapital Bank»ı tövsiyə edəcəyini bildirib. Sıralamada ikinci yeri ölkənin ən byöük bankı olan Azərbaycan Beynəlxalq Bankı, üçüncü yeri isə «Unibank» yerləşib. Respondentlərin 10%-i isə yaxınlarına heç bir bankı tövsiyə etmədiyini bildirib.
Xatırladaq ki, Bakıda 650 nəfər arasında keçirilən sorğuda iştirak edənlərin 50%-i qadın, 50%-i kişi olub. Respondentlərin 10,8%-i 18-25 yaş arası, 36,9%-i 26-35 yaş arası, 20,6%-i 36-45 yaş arası, 17,4%-i 46-55 yaş arası, 14,3%-i isə 56-65 yaş arasında olanlardır. Respondentlərin orta aylıq gəlirləri 540 AZN, ailənin orta aylıq gəliri 820 AZN olub. Rəyi soruşulanların 46%-ni orta məktəb, 15%-ni orta ixtisas texnikomu, 39%-ni isə ali təhsilli şəxslər təşkil edib.