Azərbaycanda nağd xarici valyuta ilə mübadilə əməliyyatlarının həcmi ilin əvvəli ilə müqayisədə 2,7 dəfə artıb. Mərkəzi Bankın statistikasına əsasən, bu il noyabrın 1-nə banklarda dollar alışı 165,13 milyon dollara çatıb. Halbuki, bu rəqəm yanvar ayında 62 milyon 842 min dollar olub.
Digər valyutaların da alışında artım nəzərə çarpır. Belə ki, ingilis funt sterlinqi 340 mindən 818 minə, avronun alışı isə 6 milyondan 22 milyona yüksəlib.
Rus rublunun alışında da artım qeydə alınıb. Rubl 798 milyondan 1 milyard 330 milyona qalxıb.
Banklar tərəfindən dolların alışında ciddi artımların səbəblərindən biri əhalinin dollar satışını artırmasıdır. Belə ki, 2015-2016-cı illərdə əldə etdiyi bütün vəsaiti dollara çevirən vətəndaşlarda manata tələbat yaranıb. Bu səbəbdən də onlar yığdığı dolları banklara satmağa başlayıb.
Bank sahəsində çalışan risk üzrə mütəxəssis Elman Sadığovun sözlərinə görə, ilin sonuna yaxın ölkəyə idxal əməliyyatları artıb. Eyni zamanda ticarət aktivləşib. Şirkətlər isə xarici öhdəliklərini icra etməlidirlər. Buna görə də dollarla aparılan əməliyyatların həcmində ciddi artım müşahidə edilir.
Eyni zamanda artıq ilin sonuna doğru əhali istehlak mallarının əldə edilməsinə başlayıb. Yeni ildən maşınların və bəzi malların qiymətinin qalxacağı ilə bağlı ehtimallar yastıq altında olan dollarların bir hissəsinin dövriyyəyə çıxarılmasına səbəb olub.
Ekspert onu da vurğulayıb ki, bu il manatın məzənnəsində müşahidə edilən sabitlik və neftin qiymətinin artması banklara qoyulan depozitlərdə də manatın payının artmasına səbəb olub.
@insider
Əhali "yastıq altında" olan dollarını çıxarmağa başlayıb
19:13
14 Dek 2017