Azərbaycanda adamların bankdan kredit götürmək üçün növbəyə dayandığı, krediti götürəndən sonra isə onu hara xərcləyəcəyini düşündüyü vaxtlar keçmişdə qalıb. FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının açıqladığı rəqəmlər göstərir ki, hazırda ölkə vətəndaşlarının əvvəlki kimi kredit götürmək üçün nə imkanı, nə də həvəsi qalıb.
Belə ki, Azərbaycan əhalisi banklardan istehlak krediti götürməyi kəskin azaldıb. FED.az xəbər verir ki, 2017-ci il dekabrın 1-ə olan məlumata görə, ölkədə istehlak kreditlərinin ümumi həcmi 4 milyard 672,2 milyon manat təşkiğ edib ki, bu da bir il əvvəllə nisbətən 1 256 milyon manat və ya 21,2% azdır. Təkcə son iki ayda istehlak kreditləri 210 milyoqn manata yaxın azalıb.
Amma ümumilikdə ölkə üzrə kredit portfeli də kəskin (son bir ildə təxminən 25%) azaldığına görə, istehlak kreditlərinin ümumikreditlərdəki payı yüksələrək 36,4%-dən 38,2%-ə çatıb.
İstehlak kreditlərinin tərkibi də dəyişib. Bir il əvvəl götürülən istehlak kreditlərinin cəmi 28,6%-i evlərin alınmasınə xərclənirdisə, indi bu rəqəm 35%-ə yüksəlib. Evlərin alınması üçün xərclənən pullar isə 1 694 milyon manatdan 1 727 milyon manata qalxıb. Bu artımın əsas səbəbi, 2017-ci ildə iproteka kreditlərinin kəskin artımı olub.
Nəticədə əhalinin başqa məqsədlər üçün aldığı kreditlərinin həcmi ötən ilki 4,2 milyard manatdan 2,9 milyard manata düşüb. Kreditlərin azalmasının əsas səbəbi, devalvasiyadan sonra əhalinin çoxsaylı kredit əhvalatlarından və banklarla məhkəmə çəkişmələrindən sonra istehlak kreditlərinə daha ehtiyatla yanaşmasıdır. Ölkə vətəndaşları artıq bankdan gələn hər sms-ə aldanaraq kredit götürməyə tələsmir. Digər tərəfdən artıq demək olar ki, əhalinin ödəniş qabiliyyətli hissəsi istehlak kreditləri ilə özünün əsas tələbatlarını ödəyib. Nəticədə kreditlə avtomobil və məişət texnikası satışı da kəskin azalıb.
Bir qədər əvvəl kreditin faiz dərəcəsi və əmək haqqı ilə bağlı tətbiq edilən məhdudiyyətlərin ləğv edilməsi də istehlak kreditlərini azalmasının qarşısını almayıb. Nəticədə banklarda böyük izafi likvidlik toplanmasına və onların böyük həcmdə kredit vermək imkanının olmasına baxmayaraq bu vəsaitləri reallaşdıra bilmirlər.
Bu vəziyyət indiyədək istehlak kreditlərindən böyük faiz gəlirləri götürən bankları əsas gəlir mənbələrinin birindən məhrum edib.