Ədliyyə Nazirliyində bankirlərlə görüş keçirilib.
FED.az xəbər verir ki, görüşdə nazir Fikrət Məmmədov və Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi iştirak edib. Görüşdə prezident İlham Əliyevin iqtisadi müşavirədə verdiyi tapşırıqlar, o cümlədən bankların biznes kreditlərinə həvəsləndirilməsi məsələsi müzakirə edilib.
Eləcə də bax: Azərbaycanda icra xidmətinin yol verdiyi – QANUNSUZLUQLAR AÇIQLANDI
Qeyd edək ki, bankların özü biznes kreditlərinin verilməsindəki əsas çətinliklər kimi, ödəniş qabiliyyətli müştərilərin azlığını, müraciətlərin böyük olmaması, eləcə də girovların satışı və digər məsələlərlə bağlı məhkəmə proseslərində süründürməçiliyin olması, nəticədə kredit risklərinin yüksək olması ilə izah edirlər.
Təsadüfi deyil ki, nazirlə görüşdə də müzakirə olunan əsas məsələlərdən biri bankların hüquqlarının məhkəmə müdafiəsinin və icra işinin yaxşılaşdırılması, bu sahədə qarşıya çıxan problemlərin operativ həlli barədə olub. Qeyd edilib ki, bu məsələlərlə bağlı birgə işçi qrupları yaradılaraq qısa müddətdə səmərəli fəaliyyət göstərib. Tədbirdə işçi qrupları tərəfindən görülən işlər barədə məlumat dinlənilib və qarşıda duran məsələlər müzakirə olunub.
Eləcə də bax: Banklarımızın ən yaxşı - KREDİT/TAKSİT KARTLARI - SİYAHI
Nazir Fikrət Məmmədov prezidentin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanı üzrə həyata keçirilən işlər barədə məlumat verib.
ABA-nın prezidenti Zakir Nuriyev Prezident İlham Əliyevin tapşırıqlarının icrası ilə bağlı Ədliyyə Nazirliyi tərəfindən təxirəsalınmadan mühüm addımların atılmasını qeyd edib. O, ədliyyə sisteminin rəqəmsallaşmasını, o cümlədən bankların işinin asanlaşmasına xidmət edən "elektron məhkəmə" və "elektron icra" informasiya sistemlərinin, notariat və məhkəmə ekspertizası sahəsində innovasiyaların tətbiqini yüksək qiymətləndirib. Həmçinin bankların fəaliyyəti ilə bağlı qaldırılan məsələlərə nazirlik tərəfindən operativ reaksiya verilməsini və birgə işçi qrupların işinin müsbət nəticələrini vurğulayıb.
Görüşdə Ədliyyə naziri işçi qrupları tərəfindən işlərin davam etdirilməsi ilə bağlı aidiyyəti tapşırıqlar verib.