Dünya bankı Avropa və Mərkəzi Asiyada COVID-19 (Coronavirus) pandemiyasının təsirləri və onun aradan qaldırılması ilə bağlı açıqlama yayıb.
Bankdan FED.az-a verilən məlumata görə, səhiyyə sistemlərinə sərmayələri ön plana çəkən və insanlar, xüsusilə ən həssas qruplar üçün sosial müdafiə şəbəkələrini təmin edən qətiyyətli siyasət tədbirləri, COVID-19 (Coronavirus) pandemiyasının Avropa və Orta Asiyada təsirini azaltmaq üçün son dərəcə vacibdir, region üzrə İqtisadi Bülletenin 2020-i il yaz buraxılışında belə deyilir.
Bundan əlavə, region ölkələri müvəqqəti biznes kreditləri, vergi güzəştləri və ya vergi ödəmələrinin təxirə salınması ilə özəl sektora dəstək verməklə iqtisadi fəaliyyətin davam etdirilməsinə kömək edə bilər. Təsirə məruz qalan kiçik və orta müəssisələr dövlət tərəfindən verilən subsidiyalardan xeyli faydalana bilər.
"Bu olduqca çətin günlərdə siyasətçilərin qətiyyətli davranması vacibdir", Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidenti Siril Müller bildirmişdir. "Bu, səhiyyə sistemlərini və sosial müdafiə şəbəkələrini gücləndirmək, özəl sektoru dəstəkləmək, maliyyə sabitliyi və etimadı qorumaq üçün sürətlə irəliləmək deməkdir – bütün bunlar insanların həyatı üçün vacibdir".
COVID-19-in iqtisadi təsirlərinin proqnozları əhəmiyyətli bir qeyri-müəyyənliyə məruz qalır. Buna görə də hesabatda pandemiya nəticəsində reallaşa biləcək artım nəticələrinin spektrini göstərmək üçün simulyasiya modelləri təqdim olunmuşdur. * Ssenarilər, regional artımın coronavirus pandemiyası nəticəsində 2020-ci ildə -4,4 və -2,8 faiz aralığında resessiyaya girəcəyini və 2021-ci ildə siyasət tədbirləri, qlobal əmtəə qiymətlərinin tədricən bərpa olunması və ticarətin güclənməsi sayəsində müsbət trayektoriyaya qayıdacağını nəzərdə tutur.
“Sosial məsafələşmə və əsas olmayan müəssisələrin və məktəblərin bağlanması pandemiyanın yayılmasının qarşısını almaq və insan həyatlarını xilas etmək üçün zəruri tədbirlərdir", Dünya Bankının Avropa və Orta Asiya üzrə baş iqtisadçısı Asli Demirgüç-Kunt demişdir. "Eyni zamanda, siyasətlər bu tədbirlərin iqtisadi xərclərini minimuma endirməyə çalışmalı və pandemiya bitdikdən sonra bərpanin ləng formada deyil, dərhal baş verməsini təmin etməlidir".
Hesabatda deyilir ki, həssas insanlara və ailələrə kömək üçün pul köçürmələri və ya tibbi yardım üçün subsidiyalar, müvəqqəti biznes kreditləri və müəssisələrə vergi güzəştləri tənəzzülü yumşaltmaq və iş yerlərini qorumaq üçün vacib olacaqdır.
COVID-19 pandemiyası region üçün onsuz da kövrək zamanda baş verir. Avropa və Orta Asiyanın formalaşmaqda olan bazarlarında və inkişaf etməkdə olan ölkələrində iqtisadi artım 2019-cu ildə 2,2 faizə qədər azalmışdı. Fevral ayından etibarən region həm təcili səhiyyə böhranı, həm də qlobal pandemiyanın səbəb olduğu uzunmüddətli problemlərin öhdəsindən gəlmək üçün mübarizə aparmaq zərurəti ilə üzləşdi.
Dünya Bankı Qrupu inkişaf etməkdə olan ölkələrə pandemiyaya qarşı cavab tədbirlərini gücləndirmək, xəstəliklərə nəzarət səviyyəsini artırmaq, səhiyyə müdaxilələrini yaxşılaşdırmaq və özəl sektorun fəaliyyətini davam etdirməsi və iş yerlərini saxlaması üçün geniş və sürətli tədbirlər görür. O, növbəti 15 ay ərzində yoxsulları və həssas qrupları qorumaq, biznesi dəstəkləmək və iqtisadi bərpaya təkan vermək üçün ölkələrə 160 milyard dollara qədər maliyyə dəstəyi verməyi planlaşdırır.