Xəbər verdiyimiz kimi, bu gün yanvarın 25-də Mərkəzi Bankda Dövlət Neft Şirkətinin də iştirakı ilə keçirilən növbəti valyuta hərracı baş tutub.
FED.az-ın bank dairələrindən əldə etdiyi məlumatlara görə, bu gün də banklar hərraca maraq göstərməyiblər. Belə ki, banklara təklif edilən məbləğin cəmi 37,4%-i satılıb.
Beləliklə, bu gün cəmi 2 bank dollar almaq üçün hərraca qatılıb. Valyuta hərracına ümumilikdə 55 milyon dollar çıxarılıb. Ancaq bu məbləğin cəmi 20 milyon 570 min dolları satılıb.
Ötən dəfə olduğu kimi, hərraca çıxarılan valyutanın 20 milyon 70 min dolları 1.7001 məzənnəsi ilə bir banka satılıb. 500 min dollarlıq digər sifariş isə 1.7000 manat məzənnəsi ilə satılıb.
Qeyd edək ki, bu ilin yanvar ayında keçirilən valyuta hərraclarında ümumilikdə 273 milyon 590 min dollar satılıb.