Tanınmış tikinti şirkəti olan «Cənnət Park» və “Biləcəri Təmir Quraşdırma” QSC arasında 2014-cü ildən başlayan məhkəmə mübahisəsinə Konstitusiya Məhkəməsi baxıb.
Eləcə də bax: “Lady Sharm”ın rəhbərinin - MƏHKƏMƏSİ BAŞLAYIR
Fərhad Abdullayevin sədrliyi ilə fevralın 14-də Konstitusiya Məhkəməsi Plenumunun konstitusiya məhkəmə icraatı qaydasında növbəti açıq məhkəmə iclası keçirilib.
FED.az xəbər verir ki, iclasda “Biləcəri Təmir Quraşdırma” QSC-nin şikayəti üzrə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 30 yanvar tarixli qərarının Konstitusiyaya və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim S.Salmanovanın məruzəsini, ərizəçinin və vəkilinin çıxışlarını, ekspertlərin rəylərini dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qeyd edək ki, sözügedən mübahisənin tarixi 2013-cü ildən başlayır. Burada «Cənnət Park» MTK, «Biləcəri Təmir Quraşdırma» QSC və 16 №-li İnşaat İstehsalat Təsərrüfat Tresti iştirak edir. Mübahisə tərəflərin bir-ğirinə qarşı pul tələbi iddiaları ilə bağlı olub və bütün məhkəmə instansiyalarında araşdırılıb.
“Biləcəri Təmir Quraşdırma” QSC-in Trestə qarşı 6,5 milyon manatlıq pul tələbi ilə başlayan mübahisə, sonradan 2,1 milyon manatadək enib.
Qərarda deyilir ki, “Cənnət Park” MTK-nin “Biləcəri Təmir Quraşdırma” QSC-ə, 16 nömrəli İnşaat İstehsalat Təsərrüfat Trestinə və üçüncü şəxs Binəqədi Rayon İcra və Probasiya Şöbəsinə qarşı boruların “Biləcəri Təmir Quraşdırma” QSC-nin qanunsuz sahibliyindən alınaraq “Cənnət Park” Mənzil Tikinti Kooperativinə qaytarılması və s. tələbinə dair iş üzrə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 30 yanvar tarixli qərarı Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə, Mülki Prosessual Məcəllənin 82.3-cü, 416-cı, 418.1-ci və 418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq, mülki prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.
"Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz"-deyə qərarda bildirilir.