İqtisadçı ekspert Qubad İbadoğlu Azərbaycanın bank sektorunda vəziyyət və hazırda açıqlanan göstəricilərə əsasən gözləntilərini açıqlayıb. FED.az xəbər verir ki, onun sözlərinə görə, ötən il 2 il ərzində 13 bankın bağlanması bank sektorunun böhrandan çıxara bilməyib: «Hazırda bankların hər 3-dən 1-i ziyanla işləyir. Ötən il 13 bank, bu ilin ilk 9 ayında isə 12 bankın maliyyə nəticəsi zərərlə ifadə olunub. Beləliklə də son 1 il 9 ayda ən çox ziyan Accessbankda (127,5 milyon manat), Bank of Bakuda (69,6 milyon manat), Unibankda (39,2 milyon manat), Bank Respublikada (37 milyon manat), AGbankda (24,2 milyon manat) və Dəmirbankda (20,3 milyon manat) qeydə alınıb. Bu il üçün zərəri ən az olan, səhmlərinin 25 faizi Avropa Yenidənqurma və İnkişaf Bankına malik olan Dəmirbankın lisenziyası geri alınıb».
Ekspert bildirir ki, «cari ilin 3-cü rübünün nəticələrinə görə, aktivlərin dəyəri Amrahbankda 10,3 %, Muğanbankda 12,5 %, Unibankda 16,9 %, Accessbankda 19,2%, Bank of Bakuda 21,1%, Bank Respublikada 22,1 %, Nikoil Bankda 23,5 %, Azər Türk Bankda 63,4 % azalıb. Hesabat dövründə bank kapitalının dəyərini AccessBank 6,8%, Azər Türk Bank 7,5%, Amrahbank 15,3%, Bank of Baku 19,9%, AFB Bank 21,4%, AGBank 21,9 %, Unibank 37,8% itirib».
Azərbaycan Beynəlxalq Bankı və Naxçıvanbankın dövr ərzində məlumat açıqlamadığını bildirən ekspert hesab edir ki, «bu bankların məlumatlarının gizlədilməsi onların göstəricilərinin pis olması ilə əlaqədardır. Qeyd olunan göstəricilər üzrə bankların vəziyyətinin qiymətləndirilməsi göstərir ki, hesabat açıqlmayan banklar da daxil olmaqla yuxarıda adları sadalanan banklar 2018-ci ilə çətin maliyyə durumunda qədəm qoyurlar».
Q.İbadoğlu bildirir ki, bank xidmətindən istifadə edən istehlakçıların hüquqları qorunmadığı indiki böhranlı şəraitdə müştərilər vaxtında doğru qərarlar qəbul etmək üçün maliyyə savadını artırmalıdırlar.
Bunnula yanaşı, qeyd edək ki, bir qədər əvvəl Maliyyə Bazarlarına Nəzarət Palatası FED.az-a açıqlamasında bank sektorundakı vəziyyətin nəzarət altında olduğunu və «mövcud situasiyada sektorda fəaliyyət göstərən bankların defoltu ilə bağlı təhdidlər mövcud olmadığını» bildirib.
Eləcə də bax: Azərbaycanda yenə banklar bağlana bilərmi? - PALATADAN RƏSMİ AÇIQLAMA
Dəmirbankdan sonra növbə hansı bankındır? – EKSPERTDƏN PROQNOZ
09:36
29 Dek 2017