Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Dəmir Bank" ASC-nin mənimsəmədə təqsirləndirilən Bayıl filialının sabiq müdiri Fərəh Rəşadətli, xəzinədarı Tamamgül Xanlarova və bankın əməkdaşı Fariz Qarayevin cinayət işi üzrə məhkəmə iclası davam edib.
FED.az xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasda zərərçəkmiş şəxs qismində Ruslan Qasımov ifadə verib. Başqa banklardan birində çalışdığını deyən zərərçəkmiş şəxs istintaq zamanı verdiyi ifadəni təsdiq edib. Bildirib ki, yüz min manat əmanəti bankın Səbail filialına qoyub, iki aydan sonra isə pulların yoxa çıxdığını bilib: "Mən pulu evimdə saxlamaq istəmədim, həm də faiz almaq istədim. Banka getdim və Fərəh xanımla danışdım, pulu qoydum. Bu gün bankdan pulumu tələb edirəm. Bir ay kartla pulun faizini aldım, ikinci aydan gecikmələr oldu. Fərəh xanım deyirdi ki, bankda problem var. Sonra bankın baş idarəsinə getdim. Orada dedilər sizin pul sistemdə yoxdur və araşdırıb pulunuzu qaytaracağıq. Bundan bir qədər sonra məhkəməyə müraciət etdim. Məhkəmə mənim xeyrimə qərar çıxarıb, lakin icra edilmir".
F. Rəşadətli Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq), 179.3.2-ci (mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), F.Qarayev və T.Xanlarova isə 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham edilirlər. Həmin şəxslər 3 milyon manata yaxın pulu mənimsəməkdə təqsirli bilinirlər. Cinayət işində 8 nəfər zərərçəkmiş var.
Daha əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasında cinayət işinin ibtidai istintaqa qaytarılması barədə qərar qəbul edilib. Hakim bildirib ki, ibtidai istintaq zamanı bir sıra pozuntulara yol verilib. İş yenidən araşdırılaraq, məhkəməyə göndərilib.
Barəsində ev dustaqlığı qətimkan tədbiri seçilən F.Rəşadətli sonradan məhkəmə zalında həbs edilib.