Dünya Bankının icraçı vitse-prezidenti və İnvestisiyalara Zəmanət üzrə Çoxtərəfli Agentliyin (MIGA) icraçı direktoru xanım Keyko Honda hökumət rəsmiləri və potensial sərhədlərarası özəl investorlarla görüşmək məqsədilə 18 dekabr 2017-ci il tarixində Bakıya səfər edəcək.
DB-nin Azərbaycan nümayəndəliyindən Apaya verilən məlumata görə, Azərbaycan hazırda ortamüddətli inkişaf strategiyasını müəyyənləşdirməkdədir və hökumət özəl sektorun inkişafı üçün mühitin yaxşılaşdırılması məqsədilə islahatların həyata keçirilməsinin sürətləndirilməsinə xüsusi diqqət ayırır.
"Dünyada çatışmayan maliyyəli resursları yox, mənfəətli layihələrdir. Azərbaycanın təkmilləşdirilmiş infrastruktura ehtiyacları böyükdür və bu ehtiyacların qarşılanması üçün sərhədlərarası investorların imkanlarından istifadə edilə bilər. Mən ölkənin inkişaf məqsədlərinə nail olması üçün özəl kapitalın cəlb edilməsində MIGA-nın necə yardım edə biləcəyini öyrənməyə ümid edirəm", - K.Honda vurğulayıb.
2017-ci maliyyə ilində MIGA qeyri-kommersiya risklərinin sığortalanması və kredit potensialının gücləndirilməsi ilə inkişaf etməkdə olan ölkələrə yatırılan 4,7 milyard dollar dəyərində beynəlxalq özəl investisiyaları dəstəkləyib. 1988-ci ildən etibarən MIGA 110 ölkədə 800-dən artıq layihəyə dəstək verib.
MIGA 1988-ci ildə valyuta konvertasiyası və transferi üçün məhdudiyyətlər, dövlətlər tərəfindən müqavilələrin pozulması, müsadirə, müharibə və mülki iğtişaşlarla bağlı riskləri yumşaltmağa yardım etməklə və özəl investor və kreditorların kredit potensialının gücləndirilməsi ilə inkişaf etməkdə olan iqtisadiyyatlara yatırılan birbaşa xarici investisiyaları dəstəkləmək məqsədilə Dünya Bankı təşkilatı kimi yaradılıb.