«NBC Bank» 2019-cu ilin sonu üzrə hesabatını açıqlayıb.
FED.az xəbər verir ki, bu dövrdə bankın faiz gəlirləri 19 milyon 400 min manat, faiz xərcləri 15 milyon 346 min manat, qeyri-faiz gəlirləri 4 milyon 598 min manat, qeyri-faiz xərcləri 9 milyon 067 min manat olub.
Nəticədə NBC Bank 2019-cu ili 415 min manat əməliyyat zərəri ilə başa vurub. Bankın zərərini aktivlər üzrə zəruri ehtiyatlardan geri çəkilən vəsait bağlayıb. Ehtiyat ayırmalarından 1 764 min manat geri qaytarılması hesabına bank əməliyyat zərərini bağlayaraq 1 milyon 350 min manat xalis mənfəətə çıxa bilib. Hesabatdan məlum olur ki, NBC Bank cəmi 200 manat vergi ödəyib.
2019-cu ildə NBC Bank böyüyüb - bankın aktivləri 40,1 milyon manat və ya 14,2% faiz artaraq 323 milyon 527 min manat olub.
Müştərilərə verilən kreditlər 246 917 min manat təşkil edib. Bu ötən ilin yekunu ilə müqayisədə 42,5 milyon manat və ya 20,8% artıqdır.
2019-un axırına Bankın öhdəlikləri də böyüyüb və 38,5 milyon manat artaraq 263 milyon 730 min manat təşkil edib. Bunun 2,5 milyonu AMB-nin banka qarşı tələbləri, 142 milyon 766 min manat depozitlər, 113 milyon 951 min manat isə digər maliyyə müəssisələrinin depozitləridir.
2018-ci ilin sonu ilə müqayisədə NBC Bank-dakı depozitlər 36,3 milyon manat və ya 34,1% artıb.
Bankdakı digər maliyyə müəssisələrinin
depozitləri isə əksinə 1,5 milyon manat azalıb.
Bankın cəmi kapialı 59 797 min manat təşkil edib. 2018-ci illə müqayisədə kapitalda 1,7 milyon manat artım var. Kapital artımına baxmayaraq, NBC Bankın cəmi kapitalı nizamnamə kapitalına çata bilməyib – hələlik bankın 8,33 milyon manat həcmində bölüşdürülməmiş zərəri var.