"Elektron hökumət" portalı ilə tərəfdaşlıq edən banklar siyahısına daha bir bank əlavə olundu. Artıq "AFB bank" da kredit əməliyyatları prosesinə elektron arayışları daxil edərək vətəndaşlara "Elektron hökumət" portalı üzərindən daha rahat xidmət təqdim edəcək. Bu barədə Məlumat Hesablama Mərkəzindən məlumat verilib.
Bu elektron xidmət vasitəsilə vətəndaş banka getmədən, vaxt itkisinə yol vermədən onlayn rejimdə portala daxil olaraq, sistem tərəfindən avtomatik formalaşdırılan arayışı elektron şəkildə banka ünvanlaya bilər.
Elektron arayış müxtəlif dövlət orqanlarının elektron informasiya ehtiyatları əsasında hazırlanmış elektron sənəddir. Elektron arayışlar bank xidmətlərindən istifadə zamanı vaxt itkisinin qarşısını almaqla, vətəndaşın rahatlığını təmin edir. Xidmətin digər üstünlüyü vətəndaşın işlədiyi müəssisədən arayış alma zərurətinin aradan qaldırılmasıdır.
Xatırladaq ki, "Elektron hökumət" portalının vətəndaşlara göstərdiyi bu xidməti artıq 25-dən çox bank və kredit təşkilatları tətbiq edir.
Hazırda "Elektron hökumət" portalı tərəfindən 18 arayış vətəndaşlara təqdim olunur.