Azərbaycanda elektronlaşan dövlət xidmətləri bank və sığorta sektoruna da təsirsiz ötüşməyib.
Belə ki, ASAN Finansdan FED.az-a verilən məlumata görə, bu xidmət bank və maliyyə qurumlarına imkan verəcək ki, onlara müraciət edən vətəndaş haqqında bütün məlumatları bu sistemdən əldə etsinlər.
Eləcə də bax:Banklarda 3-4 gün çəkirdi, “ASAN Finans”da 1 dəqiqəyə olacaq - MÜSAHİBƏ
“ASAN Finans layihəsi maliyyə qurumları üçün nəzərdə tutulmuş bir sistemdir. Yəni vətəndaşlar birbaşa hansısa bir platformaya daxil olub xidmətlərdən istifadə etmir. Bu sistemdən maliyyə qurumları istifadə edir. Məsələn vətəndaş banka gedir bu zaman bank vətəndaşdan müəyyən sənədlər tələb edir. Misal olaraq kredit götürmək istəyirsiz arayış lazım olur. Bu zaman banklar arayış əvəzinə vətəndaşın ASAN Finansda olan məlumatlarından faydalana bilər. Təkcə şəxsiyyət vəsiqəsinin fin kodunu banka təqdim etməklə bank vətəndaş haqqında bütün məlumatları ASAN Finans sistemindən əldə edə bilir. Təbii ki, məlumatların bank və ya hər hansısa qurumdan tərəfində əldə edilməsi üçün vətəndaşın razılığı alınır”-deyə ASAN Finansın rəsmisi Xəyalə Fətullayeva FED.az-a bildirib.
Belə ki, qurumlar vətəndaşın icazəsi olduğu təqdirdə “ASAN Finans” sistemi vasitəsilə onun şəxsiyyət vəsiqəsi, iş yeri, VÖEN üzrə məlumatları, məhkumluq haqqında məlumatları, mövcud əmlakı və dövlət qarşısında öhdəliyinə dair elektron informasiyanı rahatlıqla əldə edə bilir.
ASAN Finans sistemi maliyyə qurumlarına inteqrasiya olunur və bununlla da vətəndaşların işi asanlaşır. Artıq demək olar ki, bütün banklar və sığorta şirkətləri bu sistemə inteqrasiya olunub. Bu sistem sayəsində vətəndaşın çalışdığı yerdən, HR-dan və ya müdirindən hər hansı imzalı sənəd alıb banka gətirməsinə ehtiyac qalmayacaq.
Qurum rəsmisinin sözlərinə görə, ASAN Finans məlumatları vahid dövlət informasiya sistemindən əldə edir. ASAN Finansın kredit verməsi isə qeyri-mümkündür. Çünki ASAN Finans yalnız bir sistemdir.