"AccessBank" müştərilərinin uğur hekayələrini bölüşməyə davam edir.
Budəfəki qəhrəmanımızın çörəyi sözün əsl mənasında çörəkdən çıxır, özü də gürcü çörəyi puridən! Uzun illərdir "AccessBank" ilə əməkdaşlıq edən Qax rayonunun İlisu kəndinin sakini, etnik gürcü olan Yelena Kitiaşvili purinin bişirilməsi texnologiyasının sirrini bölüşməli idi. Lakin səhhətindəki problemlə bağlı o məni oğlu Bekaya yönəltdi. Müştərimizlə qısa söhbət zamanı ilk növbədə onun azərbaycanca səlis danışığına heyran oldum. "Onsuz xeyli müddətdir ki, işi Bekaya həvalə etmişəm. Mənim kimi, onun da əlinin duzu var", - Yelena xanım mənə dedi və bildirdi ki, Beka işinin peşəkarıdır.
Müştərimizə şəfa dilədim və arzu etdim ki, tezliklə təndirinin başına dönsün. Elə buradaca ondan öyrəndim ki, təndir gürcü dilində tone deməkdir. Çox keçmir ki, artıq Beka toneni qalayır. Onun hərəkətlərindən anladım ki, bu gəncin xəmiri zəhmətlə yoğrulub. Xəmirin yoğrulmasından söz düşmüşkən, Kitiaşvili ailəsi bunu dan yeri sökülməyə başlayan kimi edir. Çünki məhz bu vaxt təndir işə salınır. Tone işə düşdükdən sonra əli xəmirli Beka deyir ki, gürcü çörəyinin bir neçə növü var. Onların hazırladığı isə şotipuri adlanır. Şotipurinin hər iki sonluğu uzunsov olur. Bundan başqa, bu növ çörəyin ortasında mütləq dəlik (boşluq) olmalıdır.
Bekadan xəmirin düzgün yoğrulma qaydası ilə maraqlandım. Cavab gözlədiyimdən də gözəl oldu: "Birincisi, mütləq əlinin duzu olmalıdır. İkincisi, yoğuran əllərin xəmirdən güclü olmasını hiss etdirməlisən". 15-20 dəqiqə yoğurduqdan sonra xəmir isti yerə qoyulur.
Növbəti sualım belə idi: "Bu, kişi işidir, yoxsa qadın?" Budəfəki cavab isə balanslı alındı: "Məncə satış məqsədli istehsalla kişilər məşğul olmalıdır. Çünki burada daha çox fiziki güc və cəldlik tələb olunur. Evdə isə daha sərbəst şərait olduğu üçün qadınlar bişirə bilərlər".
Onun sözlərinə görə, tonedə temperatur təxminən 300-350˚ arasında dəyişir. Beka ilk çörəyi mənim yapmağımı istədi. Açığı, özümü od-alova vurmaqdan ehtiyat etdim. Ev yiyəsi çörəyi yapdığı müddətdə ondan çörəyin ortasında nədən dəlik açıldığını soruşdum. Sən demə, bunun olduqca sadə izahı var imiş, amma Beka mənim üçün praktiki izah hazırlayıb.
Çörək bişdiyi vaxtda alın tərini silən İlisu sakini dedi ki, burada ilk şotipuri 10 il bundan öncə bişib. Düzdür, o vaxt təndirxana indikindən təxminən iki dəfə kiçik olub. Həmin dövrdə kredit üçün "AccessBank"ın "Şəki" filialına müraciət edən Yelena xanım müsbət cavab alıb. Beka xatirələrə yenicə dalmışdı ki, təxminən 5-7 dəqiqə sonra ətrafı gözəl ətir bürüməyə başladı. Deməli, şotipuri hazırdır! Beka çörəyi təndirdən ucuna qarmaq bərkidilmiş bir cüt taxta ilə çıxarmağa başladı. Qarmaqlar çörəyin ortasındakı dəliyə daxil olanda qəfildən mənə baxaraq gülən Bekanı gördüm. Praktiki izah baş tutdu!
Mənə hər zaman maraqlı gəlib ki, təndir çörəyi bişəndən dərhal sonra yeyilə bilərmi, yoxsa bu (xəmir) mədəyə ziyandı? Həmsöhbətim deyir ki, bu, hər kəsin istəyinə və ağız dadına bağlı olan məsələdir: "Amma bir şeyi dəqiq bilirəm ki, qaynar şotipuri mənim üçün dünyanın ən gözəl nemətlərindən biridir. Qaynar çörəyi yemək yalnız xanımları narahat edə bilər, çünki adamı kökəldir. Kişilər bunu dərd etmir". Beka əlavə etdi ki, təndirdən yenicə çıxan şotipuriyə bıçaq vurmaq olmaz - çörək əllə kəsilməlidir!
Ardınca Beka təndirdən çıxan qaynar şotipurini bir neçə hissəyə bölüb, birini mənə uzatdı. Kökəlmək kimi bir dərdimiz olmadığı üçün məmnuniyyətlə çörəkçi ilə çörək kəsdim. Həqiqətən də gürcü çörəyi inanılmaz dada malikdir!
Şotipuriyə tələbatın hansı səviyyədə olması ilə də maraqlandım. Bekanın sözlərinə görə, bişirilən çörəklərin tamamilə hamısı satılır. Alıcılar həm yerli sakinlər, həm də qonaqlardır.
Çörəyi çörəkdən çıxan müştərimizlə ayrılmaq vaxtı çatmışdı. Açığı, ayrılmaq istəmirdim, lakin hər ikimizin işi var idi: Beka çörək bişirməli, mən isə növbəti reportajı hazırlamaq üçün Şəkiyə yollanmalı idim... İlisu məni hər zaman cəlb və cəzb edib. Təbiətin bu diyardan əsirgəmədiyi gözəllik bir çox insanı bura yenidən və yenidən qaytarır. Bu dəfə isə anladım ki, növbəti səfərimin səbəbi yalnız heyran olduğum təbiət deyil, həmçinin çörəyin dadına baxmaq olacaq... Sağollaşanda Bekaya hər şey üçün təşəkkür etdim. Əvəzində belə bir cavab aldım: "Siz sağ olun ki, yalnız maliyyə dəstəyi ilə məhdudlaşmırsınız!"