Amerikanın “Citigroup” maliyyə korporasiyası Rusiyada və daha 12 ölkədə pərakəndə bankçılıq fəaliyyətini bağlamaq qərarını açıqlayıb.
FED.az Banker.az-a istinadən xəbər verir ki, daha əvvəl ABŞ-dan olan korporasiya dünyanın digər ölkələrində filiallarını açıb.
“Citigroup” bu qərarını 2021-ci il yanvar-mart ayları üçün hazırladığı maliyyə hesabatında məlumat verib. Bankın Rusiyadan çıxmasının bir neçə il çəkəcəyi gözlənilir. Buna görə korporasiyanın törəməsi olan “Citibank” müştərilərə adi rejimdə xidmət göstərməyə davam edəcək.
Bildirildiyi kimi, “Citigroup” həmçinin Avstraliya, Bəhreyn, Çin, Hindistan, İndoneziya, Koreya, Malayziya, Filippin, Polşa, Tayvan, Tailand və Vyetnamdakı bank bölmələrini bağlamağa hazırlaşır.
Korporasiya bütün gücünü Sinqapur, Honkonq, BƏƏ və Londondakı (İngiltərə) biznesinə cəmləşdirməyə qərar verib. “Digər 13 ölkədə çox gözəl bölmələrimiz var, lakin onların digər oyunçularla rəqabət edəcək gücü yoxdur. Hesab edirik ki, resurslarımızı ciddi artım göstərən və uzunmüddətli perspektivdə investisiya gəlirliliyini yaxşılaşdıran müəssisələrdə istifadə etmək daha sərfəlidir”, – deyə şirkət bildirib.
Xatırladaq ki, son dəfə “Citigroup” bank işini 2014-cü ildə bağlamışdır (Misir, Çexiya, Yaponiya, Qvatemala və Macarıstanda).
“Citigroup” – ən böyük maliyyə konqlomeratlarından biridir. Onun törəməsi olan “Citibank” “böyük dördlük” adlanan qrupa daxildir (“Bank of America”, “JPMorgan Chase” və “Wells Fargo” ilə yanaşı). Bank ümumi dəyəri 1.8 trilyon dollardan çox olan aktivləri idarə edir. 2021-ci ilin yanvar-mart aylarında “Citigroup”un xalis mənfəəti üç dəfə artaraq 7.94 milyard dollara və ya səhm başına 3.62 dollara çatıb.
Son bir neçə ildə xarici banklar ya Rusiyanı tərk edirlər, ya da ölkədəki mövcudluğunu əhəmiyyətli dərəcədə azaldırlar. Onlar arasında “Barclays”, “RBS”, “HSBC”, “Deutsche Bank” və “Morgan Stanley” var. Bu tendensiyanın əsas səbəbi 2014-cü ildə Avropa İttifaqının və ABŞ-ın Rusiyaya qarşı sanksiya tətbiq etməsi olub. 2020-ci ilin sonunda Skandinaviyanın “Nordea” qrupu da Rusiyadan çıxdığını açıqlayıb.
“Citigroup”un Rusiyadan çıxmasını elan etməsi ABŞ prezidenti Co Baydenin Moskvaya qarşı yeni sanksiyalar haqqında fərmanı il üst-üstə düşüb. Artıq Amerika maliyyəçiləri birbaşa Mərkəzi Bankdan, Milli Təhlükəsizlik Fondundan və Rusiya Maliyyə Nazirliyindən borc öhdəliklərini ala bilməyəcəklər. Məhdudiyyətlər daha 32 fiziki və hüquqi şəxsə şamil edilib.