Azərbaycanda bank lisenziyasının və ya icazənin ləğvi ilə bağlı yeni qayda müəyyən edilir.
Bu tələbləri pozanların səhmdar, mülkiyyətçi və rəhbər olmasına - İCAZƏ VERİLMƏYƏCƏK
FED.az xəbər verir ki, bununla bağlı “Banklar haqqında” qanuna dəyişiklik təklif edilir.
Dəyişikliyə əsasən, bankların lisenziyasının ləğv edilməsi halları sırasına Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası qanunlarının pozulması da daxil edilir.
Qeyd edək ki, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin dekabrın 7-də keçirilən birgə iclasında “Hədəfli maliyyə sanksiyaları haqqında” və “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” yeni qanun layihələri müzakirəyə çıxarılıb.
“Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanun layihəsi layihəsi cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin aşkar edilməsi, qarşısının alınması və ölkənin iqtisadi sistemindən qeyri-qanuni məqsədlər üçün istifadə olunma imkanlarını istisna edən şəraitin yaradılması, bu istiqamətdə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi, habelə dövlətin və cəmiyyətin maraqlarının qorunması məqsədilə effektiv ölkədaxili və beynəlxalq əməkdaşlığın həyata keçirilməsi ilə bağlı münasibətləri tənzimləyir. Qanun layihəsinin ümumi müddəalarında əsas anlayışların mənaları, bu qanunun Azərbaycan Respublikasının yurisdiksiyasında və ondan kənarda həyata keçirilməsi qaydaları, habelə bu qanunun tələblərinin qeyri-maliyyə institutları və peşə sahiblərinə tətbiq olunma halları müəyyən edilir.
“Hədəfli maliyyə sanksiyaları haqqında” qanun layihəsi isə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) aidiyyəti qətnamələrinə uyğun olaraq terrorçuluğun, terrorçuluğun maliyyələşdirilməsinin, kütləvi qırğın silahlarının yayılmasının və kütləvi qırğın silahlarının yayılmasının maliyyələşdirilməsinin qarşısının alınması məqsədilə hədəfli maliyyə sanksiyalarının (HMS) tətbiqinin hüquqi əsasını və qaydasını müəyyən edir.
Hər iki qanun layihəsi müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyə edilib. (Trend)