Son dövrlərdə ölkədə kiberfırıldaqçılıq hallarında artım müşahidə olunur. Xüsusilə, bank kartı məlumatlarının naməlum şəxslərlə paylaşılması nəticəsində bir sıra vətəndaşlar maddi ziyana uğrayıblar.
Ötən gün bank kartlarından 5 min manat oğurlanıb
FED.az xəbər verir ki, Daxili İşlər Nazirliyi bu halların qarşısının alınması məqsədilə vətəndaşlara mühüm xəbərdarlıq edib və kart məlumatlarının qorunmasının vacibliyini bir daha xatırladıb.
Daxili İşlər Nazirliyi bildirir ki, mayın 30-da bir sıra şəxslərin bank kartlarından kiberyolla pul vəsaitləri oğurlanıb. Araşdırmalar nəticəsində məlum olub ki, zərərçəkmiş şəxslər bank kartlarının arxa hissəsində yer alan CVV/CVC kodları və mobil telefonlarına gələn OTP (birdəfəlik şifrə) kimi mühüm məlumatları tanımadıqları şəxslərlə paylaşıblar. Nəticədə, onların bank hesablarından müxtəlif məbləğlərdə – 725, 550, 450, 447, 300, 204, 73, 72, 60, 50 manat və 49 ABŞ dolları – vəsait çıxarılıb.
Nazirlik xəbərdarlıq edir ki, bu cür hallarda zərər yalnız hesabdakı vəsaitlə məhdudlaşmır, eyni zamanda kart sahiblərinin kredit limiti də istifadə olunduğundan maddi itkilər daha da artır.
Vətəndaşlara bildirilir ki, bank və ya digər rəsmi qurumların adından edilən zənglərə, mesajlara və ya göndərilən linklərə ehtiyatla yanaşmaq vacibdir. “Hesabınız dondurulub”, “Müdaxilə var”, “Viza üçün ödəniş tələb olunur”, “Sığortanız aktivləşdirilir” və ya “Qazandınız” kimi mesajlar əslində kibercinayətkarların istifadə etdiyi hiyləgər üsullardır.
Heç bir halda kart məlumatları, xüsusən də CVV/CVC kodları və OTP şifrələri başqa şəxslərlə paylaşılmamalıdır. Əgər belə şübhəli hallarla qarşılaşsanız, dərhal “102” Xidməti Zəng Mərkəzinə və ya yaşadığınız ərazidəki polis orqanına müraciət etməyiniz tövsiyə olunur.
Qurum bildirir ki, kibercinayətkarlığa qarşı mübarizə tədbirləri davam etdirilir və vətəndaşların bu məsələdə ayıq-sayıq olmaları mühüm əhəmiyyət daşıyır.