Azərbaycan Beynəlxalq Bankı (ABB) müştərilərinə yeni məhsullar və xidmət səviyyəsi təqdm etməy hazırlaşır. FED.az bildirir ki, bu barədə, ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib. Onun sözlərinə görə, artıq bu ilin birinci yarısında ABB yeni, çoxfunksiyalı kart məhsulunu təqdim edəcək: «Bu kart bazara maraqlı yenilik gətirəcək və xüsusi brend adı olacaq. Düşünürəm ki, müştərilərimiz bu məhsulumuzu böyük maraqla qarşılayacaqlar».
Bundan başqa, bank yeni innovativ məhsullar da istifadəyə verəcək: «Beynəlxalq ödəniş sistemləri ilə tərəfdaşlıq əsasında indi ölkəmiz üçün tamamilə yeni olan 2 innovativ məhsul üzərində də çalışırıq. Bazarda nağdsız ödəniş vərdişlərinin formalaşdırılmasına töhfə vermək məqsədilə bir sıra ardıcıl tədbirlərimiz nəzərdə tutulur».
Eləcə də bax: “Azərbaycan Beynəlxalq Bankı yeni Strateji İnkişaf Planını hazırlayır”- ABBAS İBRAHİMOV
A.İbrahimov bildirib ki, ABB-nin biznes üçün də faydalı məhsulları var: «Ötən ildən etibarən həm iri, həm də kiçik və orta sahibkarlıq subyektlərinin biznes layihələrinin maliyyələşdirilməsində aktiv rol almağa başlamışıq. İl ərzində bizneslərə 500 milyon manata yaxın kredit və qarantiyalar verilib. Hazırda müştərilərimizin çalışdıqları sektorun xüsusiyyətlərinə uyğun olaraq bütün bank ehtiyaclarını – kredit xəttindən qarantiyalara, əmək haqqı kartlarından POS terminaladək - ən sərfəli və çevik şəkildə qarşılayan xüsusi məhsul paketləri üzərində işləyirik».
Paralel olaraq müştəri xidməti keyfiyyətinin artırılması üçün yeniliklər planlaşdırılır: «Müraciətlər və şikayətlərlə işləyən strukturumuzu və biznes proseslərimizi tamamilə yenidən qurmuşuq. Bu, bizə imkan verir ki, müştərilərimizi daha tez eşidək və sürətli reaksiya verək».
ABB regionlardakı filialların və bankomatların nağd pulla təminatı üçün Yevlax inkassasiya mərkəzini istifadəyə verib: «Bu mərkəz hazırda mərkəzləşdirilmiş qaydada 17 regiona və 80 bankomata xidmət göstərir. Əvvəllər kənarda yerləşən bankomatlara da xidməti filiallar göstərdiyi üçün bəzən problemlərlə üzləşirdik. Ən böyük bankomat şəbəkəsinə malik bank kimi, bu il də regional inkassasiya mərkəzlərinin yaradılmasını davam etdirəcəyik».
ABB filiallarının da yenilənməsinə başlayır.İlk belə layihə Nərimanov filialında tətbiq olunacaq: «İyun ayınadək yenilənmiş filialımızı müştərilərin xidmətinə təqdim edəcəyik. Müştərilərimiz tam yenilənmiş, müasir texnologiyalarla təchiz olunmuş, sürətli və çevik xidmətə zəmin yaradan yerləşmə və şəraitlə qarşılaşacaqlar. Bu modeli tədricən bütün filiallarımızda tətbiq etməyi nəzərdə tuturuq».
"Bu məhsulumuz müştərilərimizə maraqlı olacaq" - BANK RƏHBƏRİ
11:56
5 Mart 2019