Yerli mətbuatda “Günay Bank” ASC-nin idarə heyətinin sədr müavini Emin Zeynalovun əmanətaccçilərin 100 milyona yaxın vəsaitini götürərək ölkədən qaçdığı barədə məlumatlar yayılıb.
FED.az bildirir ki, məsələ ilə bağlı açıqlama verən “Günay Bank”ın Müşahidə Şurasının sədri Mahmud Məmmədov bildirib ki, iddialar əsassızdır və bankda heç bir oğurluq faktı qeydə alınmayıb.
Sədr qeyd edib ki, “Günay Bank” Azərbaycanda ən az əmanəti olan bankdır və hazırda cəmi 35 milyon manat əmanət var:
““Günay Bank” Azərbaycanda bəlkə də yeganə təmiz işləyən bankdır ki, buradan bir manat da olsun offşor şirkətlərinə pul çıxmayıb. Bizim bütün fəaliyyətimiz göz qabağındadır. 2017-ci ili gəlirlə başa vuran iki şirkətdən biri olmuşuq. “Günay Bank”ın likvidlik problemi və əmanətçilər qarşısında hansısa problemli öhdəliyi yoxdur.
Bu iddiaların atılması təkcə “Günay Bank”a deyil, ümumiyyətlə bank sektorunun imicinə böyük zərbədir”.
M.Məmmədov Emin Zeynalov haqqında da danışıb və onun artıq işdən azad edildiyini bildirib:
“Mən məsələdən xəbər tutan kimi onu çağırdım və məlumat aldım. Məlum oldu ki, onun dostlarına borcu olub. O, bankdan kənarda şəxsi biznesi olduğu üçün həmin borc da oradan yaranıb. Biz də bu borc barədə məlumat alan kimi onu dərhal işdən azad etdik.
Amma xaricə qaçması barədə məlumatlar əsassızdır. Mən özüm onunla əlaqə saxlayacam və hüquq-mühafizə orqanlarına müraciət etməsini istəyəcəm ki, şayiə barədə araşdırma aparılsın”.
Məlumat üçün bildirək ki, “GünayBank” ASC 1992-ci ildən fəaliyyət göstərir. 2017-ci il üçün maliyyə hesabatına əsasən “GünayBank” ASC-nin cəmi aktivləri 186 milyon manat olub. Bankın müştəri hesabları üzrə öhdəlikləri 94 milyon manatdan yuxarıdır, cəmi nizamnamə kapitalı isə 57.4 milyon manatdan yuxarıdır.
Qeyd edək ki, ““GünayBank”ın sədr müavini 100 milyonu götürüb ölkədən qaçdı” başlıqlı xəbər Virtualaz.org saytında yayımlanıb.
Mənbə: qafqazinfo.az