Uzun müddətdir ekspertlər bank sektorunda vəziyyətin günü-gündən pisləşdiyini, bəzi bankların iflasa uğramaq üzrə olduğunu bildirirlər. Sektorun sağlamlaşdırılması üçün bankların konsolidasiyaya getmələri vacib sayılır. Bu günlərdə isə bunun əksinə olaraq daha bir bankın bağlandığının şahidi olduq. FED.az xəbər verir ki, İqtisadçı ekspert Natiq Cəfərli açıqlamasında bağlanma ehtimalı yüksək olan daha 4 bankın adını çəkib:
"Maliyyə Bazarlarına Nəzarət Palatasının və yaxud Mərkəzi Bankın hansı yöndə qərar verəcəyini söyləmək çətindir. Amma zaman-zaman nüfuzlu beynəlxalq reytinq agentliklərinin Azərbaycan bank sektoru ilə bağlı hesabatları dərc olunur. Bu hesabatlardan çıxış edərək müəyyən fikirlər yürütmək mümkündür.Son açıqlanan hesabatlarda "Bank of Baku"nun, "AG Bank"ın və "Unibank"ın adları keçir və qeyd olunur ki, bu bankların kifayət qədər problemləri var, problemli kreditlərin həcmi yüksəkdir və kreditləşməyə yenidən başlaya bilmirlər".
Bu səbəbdən də "Moody's", "S&T" və "Fitch" kimi nüfuzlu reytinq və analiz şirkətləri onların reytinqlərini aşağı salırlar. Çox maraqlı bir detal da var ki, bu analiz şirkətləri gələcək proqnozları da neqativ dəyərləndiriblər, yəni ehtimal olunur ki, vəziyyət getdikcə daha da pisləşə bilər.
Ekspertin sözlərinə görə, ümumiyyətlə, bank sektorunda bütün banklar belə psixoloji və maliyyə basqısı altındadırlar.
"Əsas problem kreditlərin yığıla bilməməsi və bankların növbəti yeni kredit xətlərinin açılmasında yaranmış çətinliklərdir. Banklar da əgər verdiyi krediti toplaya bilmirsə və ya yeni kredit xətləri aça bilmirsə, deməli qazanc əldə edə bilmir, qazanc əldə edə bilmirlərsə də maliyyə vəziyyətləri getdikcə pisləşir".
Ekspert çətin vəziyyətlərdə bankların bağlanmasındansa birləşmələrinin daha məntiqli və rasional yol olduğunu qeyd etsə də, indiki vəziyyətdə dövlət dəstəyi olmadan bank sektorunu xilas etməyin mümkün olmayacağını vurğulayıb:
"Aktivlərin birləşdirilməsi yolu ilə müəyyən çıxış yollarının axtarılıb tapılması daha məntiqli və daha rasional yanaşma olardı, amma təbii ki, bankların vəziyyəti o səviyyədədir ki, passivləri də birləşərkən bu, idarəolunmaz bir hal da ala bilər. Yəni, 2 ortasəviyyəli bankın birləşməsi həm problemli kreditlərin birləşməsinə, həm də problemli kreditlərin geri dönüşündə yaranmış çətinliklərin artmasına səbəb ola bilər. Bu barədə dəfələrlə qeyd etmişik və sizin vasitənizlə bir daha söyləmək istəyirəm ki, bunun yeganə çıxış yolu hər hansısa bir dövlət proqramının qəbul olunmasıdır. Yəni, bank sektorunu artıq dövlətin dəstəyi olmadan xilas etmək mümkün olmayacaq. Amma çox qəribədir ki, dövlət Beynəlxalq Banka həm daxili borcların silinməsində, həm xarici öhdəliklərin öz üzərinə götürülməsi yönündə addımlar ataraq, kifayət qədər dəstək oldu, amma daxildəki yaranmış problemlərlə bağlı bir yol xəritəsi hazırlamadı. Bu da bank sektorunun artıq 2 ildən çoxdur ki, silkələndiyini və çox ciddi problemlərlə qarşı-qarşıya qaldığını göstərir. İstənilən hallarda, yəni banklar bağlansalar da, birləşsələr də yerdə qalan banklara da mütləq dövlət dəstəyi proqramı olmalıdır ki, onlar bu vəziyyətdən çıxa bilsinlər".
N.Cəfərlinin fikrincə, sağlamlaşdırma adı altında yaxşı olardı ki, banklar öz problemlərini öz aralarında həll etsinlər, amma indiki şəraitdə, iqtisadi aktivliyin azaldığı, problemli kreditlərin artdığı bir dövrdə bankların heç biri öz gücünə bu vəziyyətdən çıxa bilməyəcək. Əvvəl-axır dövlət bank sektoru ilə də bağlı qərarların alınması labüd olacaq".
@insider
Bu banklar da bağlana bilər - SİYAHI
19:53
25 Dek 2017