Gələn ilin yanvar ayının 8-də "Bank of Baku"nun səhmdarlarının ümumi yığıncağının növbədənkənar iclası keçiriləcək.
FED.az bankın elanına istinadən xəbər verir ki, yığıncaq bankın Atatürk prospektində yerləşən baş ofisində keçiriləcək. İclasın gündəliyi ictimaiyyətə açıqlanmır, yalnız bildirişlə səhmdarlara göndərilib.
Bir müddət əvvəl "Bank of Baku" və "AFB Bank"ın birləşəcəyi barədə şaiyələr yayılıb. Hər iki bank məlumatı təkzib edib. Digər bir məlumata görə, Türkiyənin "NAB Holdinq"i "Bank of Baku"dakı payını sata bilər. Bu payı digər səhmdarların (Hikmət İsmayılov və "Azpetrol") alacağı danışılır.
"Bank of Baku"nun səhmdarlarının bu il iyunun 23-də keçirilmiş yığıncağında Bankın nizamnamə kapitalının 91 milyon manat və yaxud 72,1% artırılaraq 143,87 milyon manata çatdırılmasına qərar verilib, lakin kapital bugünədək artırılmayıb. "NAB Holdinq"in bu prosesdə iştirak etməyəcəyi, kapitalın artırılmasının digər 3 səhmdarından 2-sinin Hikmət İsmayılovun və "Azpetrol Neft Şirkəti"nin hesabına həyata keçiriləcəyi bildirilir.
Qeyd edək ki, 1 dekabr 2017-ci il tarixində, saat 15:00-da “AFB Bank” Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının Ümumi Yığıncağının növbədənkənar iclası keçiriləcəkdir. İclasın gündəliyi bildirişlə birgə Səhmdarlara göndərilib.
Hikmət İsmayılov "AzSığorta" şirkətinin 100% sahibidir. O, "Bank of Baku"nin 31.11%-nə sahibdir. "AFB Bank" və "AzSığorta" şirkəti "Gilan Holdinq"in xüsusi partnyorlarıdır. Bu barədə, holdinqin saytında ayrıcı bölmədə məlumat verilir.
Hazırda nizamnamə kapitalı 52 milyon 870 min manat olan "Bank of Baku"ASC-nin səhmdarları:
İsayev Elçin Həmid oğlu - 5%
İsmayilov Hikmət Abuzər oğlu - 31.11%
“NAB HOLDİNG” - 35%
“Azpetrol Neft Şirkəti” MMC - 28,89%