"Rabitə Bank" biznes kreditlərinin illik faiz dərəcəsini nəzərə çarpacaq dərəcədə azaldıb.
FED.az xəbər verir ki, bu barədə Bankın rəsmi internet səhifəsində məlumat verilib.
Məlumata görə, hazırda "Rabitə Bank"da sahibkarlara verilən kreditlərin illik faizi Azərbaycan manatında 19%-dən, ABŞ dollarında isə 9%-dən başlayır. Halbuki, indiyə qədər bu bankda biznes kreditləri illik 18-26%-lə təklif olunub.
"Rabitə Bank"da biznes kreditləri ticarət, xidmət, sənaye, kənd təsərrüfatı sahələrində sahibkarlıq fəaliyyəti ilə azı 6 aydır ki, məşğul olan fiziki və hüquqi şəxslərə verilir. Kredit əsas vəsaitin alınması və yaxud tikinti işlərinin aparılması, dövriyyənin artırılması məqsədi ilə ayrılır.
Kreditin maksimal məbləği 15 min manat (və yaxud təxminən 8,8 min dollar), maksimal müddəti 2 ildir (indiyə qədər 3 il olub). Ödəniş hər ay eyni məbləğdə olmaqla (annuitet qaydada) həyata keçirilir. Güzəşt müddəti layihədən asılı olaraq müəyyən edilir.
Kreditə görə komisyon haqqı borcun məbləğinin 0,6-1%-i qədərdir. Girov qismində daşınmaz əmlak (torpaq sahəsi, mülk, mənzil) və daşınar əmlak (maşın və avadanlıq) çıxış edə bilər.