Azərbaycanın aparıcı banklarından olan «Yelo Bank» 2022-ci ilin ilk yarısını yüksək göstəricilərlə başa vurub.
FED.az bankın hesabatına istinadən xəbər verir ki, ilk yarım ildə bankın xalis mənfəəti 2,5 dəfə artması ilə yanaşı, aktivləri və kredit portfelində ciddi böyümə var.
Hesabata əsasən, hesabat dövründə «Yelo Bank»ın faiz gəlirləri 10 milyon manat və ya 35% artaraq 39,6 milyon manata yüksəlib.
Bu dövrdə bank kredit portfelindən 37,6 milyon manat gəlir əldə edib (32% artım). «Yelo Bank» digər banklara və kredit təşkilatların ayırdığı kreditlərdən yarım milyon manat, digər faiz gəlirlərindən isə 1,3 milyon manat əldə edib.
Bankın faiz xərcləri də artıb – əsasən depozit portfelinin sürətli böyüməsi səbəbindən – faiz xərclərində artım 80%-ə yaxındır. Bank ilk yarım ildə bankdakı depozit sahiblərinə 12 milyon 241 min manat faiz ödənişi edib. Bu ötən illə myüqayisədə 87% artıqdır.
Nəticədə yarım ilin sonunda bankın xalis faiz gəliri 4 milyon və ya 18% artaraq 25,3 milyon manata çatıb.
«Yelo Bank»ın qeyri-faiz gəlirləri isə 4 dəfədən çox artaraq 1,4 milyon manatdan 6,3 milyon manata yüksəlib. Bu dövrdə bankın haqq və kommissiya gəlirləri (müştərilərin aktivliyinin göstəricisi) 66% artaraq 1,5 milyon manatdan 2,5 milyon manata yüksəlib. Xarici valyutalarla əməliyyatdan isə bank 3 milyondan artıq vəsait əldə edib.
2-22-ci ilin ilk 6 ayının nəticəsi olaraq «Yelo Bank»ın qeyri-faiz xərcləri 36% artaraq 20,8 milyon manatdan 28,3 milyon manata yüksəlib.
Bankın inkişafının və iqtisadi durumunun əsas göstəricilərindən biri – əmək haqqı xərcləri 5 milyon manat və ya 50%-ə yaxın artaraq 15,2 milyon manata yüksəlib.
Nəticədə bank ilk yarım ili 3 milyon 150 min manat əməliyyat mənfəəti ilə başa vurub. Bundan 798 min manat mümkün zərərlər üçün ehtiyata ayrılıb, bank yarım ili 2 352 manat xalis mənfəətlə tamamlayıb.
Qeyd edək ki, ötən ilin eyni dövründə bankın xalis mənfəəti 10 min manatdan artıq idi. Amma bu göstərici ehtiyat ayırmaların geri qaytarılması sayəsində olmuşdu. İndi isə «Yelo Bank»ın əməliyyat mənfəəti əvvəlki illə müqayisədə 58% artıqdır.
Amma ən maraqlı dəyişikliklər «Yelo Bank»ın vəsaitlərinin strukturunda baş verib.
İlk yarım ildə bankın aktivləri 216 milyon manat və ya 40% artaraq 533,7 msilyon manatdan 750 milyon manata yüksəlib.
İlk növbədə bankda nağd pul vəsaitləri 3 dəfə artaraq 54 milyondan 162 milyon manata yüksəlib.
Bankın kredit portfeli isə 91 milyon manat və ya 20% artaraq 446 milyondan 537 milyon manata çatıb. Artım əsasən biznes kreditlərinin hesabına baş verib. Təkcə biznes kreditlərində 72 milyon manatlıq böyük artım var. İstehlak kreditləri isə 23 milyon manat artıb.
Hesabat dövnründə bankın öhdəlikləri 216 milyon manat artaraq 465 milyon manatdan 678 milyon manata yüksəlib. Təkcə depozit portfelində 156 milyon manat artım var.
Fiziki şəxslərin əmanətləri 79 milyon manat və ya 26% artaraq 383 milyon manata yaxınlaşıb.
Bankda şirkətlərin vəsaitləri isə77 milyon manat və ya 2,6 dəfə artaraq 126 milyon manatı keçib.
Nəhayət, hesabat dövründə bankın kapitalı 3,4 milyon manat artaraq 72,2 milyon manat olub.