Azərbaycanın aparıcı banklarından olan «Expressbank» 2021-ci ili mənfəətlə başa vurub, bankın aktivləri və depozit portfeli böyüyüb.
FED.az bankın hesabatına istinadən xəbər verir ki, 2021-ci ildə «Expressbank»ın faiz gəlirləri 8%-ə yaxın artaraq 42 milyon 170 min manata çatıb.
Kreditlərdən və qiymətli kağızlardan 5 milyon qazanıb
Faiz gəlirinin böyük hissəsi – 39 milyon manatı kredit portfelinə hesablanan faizlər olub – təqribən 2,5 milyon manat artım. Daha 2,85 milyon manatı bank qiymətli kağızlardan qazanıb – burada artım 30% olub.
Əmanətçilərinə 5,6 milyon manat faiz ödəyib
Faiz xərclərində isə 2% azalma var, buna səbəb Mərkəzi Bank qarşısında öhdəlikləri görə faiz ödənişlərinin təqribən 3 dəfə azalaraq 623 mindən 202 min manata düşməsidir. Çünki bankın Mərkəzi Bank qarşısında öhdəlikləri də azalıb – 4,8 milyon manatdan 3,6 milyon manata enib. Əvəzində bankın öz əmanətçilərini ödədiyi faizlər 5 milyon 664 min manat təşkil edib.
Nəticədə bankın xalis faiz gəliri 3 milyon manata yaxın artaraq 34,8 milyon manat olub.
«Expressbank»ın qeyri-faiz gəlirləri isə 13,8 milyon manat olub. Əvvəlki ildə olduğu kimi 2021-ci ildə də faiz gəlirlərinin böyük hissəsi – 10,2 milyon manat haqq və komissiya gəlirlərindən daxil olub. Xarici valyutanın məzənnə dəyişikliyindən isə bank 3,5 milyon manat qazanıb – əvvəlki illə müqayisədə artım 27% olub.
Əmək haqqı xərcləri artıb
Qeyri-faiz xərcləri isə 2 milyon manat artaraq 35,1 milyon manat olub – bunun 14,9 milyon manatı əmək haqqı, 6,47 milyon manat isə inzibati xərclərə sərf edilib. 2020-ci illə müqayisədə əmək haqqı xərcləri artıb, inzibati xərclər azalıb.
Əməliyyat mənfəəti 14%, xalis mənfəət 10% artıb
Nəticədə «Expressbank» 2020-ci ili 13 milyon 551 min manat əməliyyat mənfəəti ilə başa vurub. Bu 2020-ci ilin göstəricisindən 1,7 milyon manat və ya 14% artıqdır.
Bu vəsaitdən 2,2 milyon manat mümkün zərərlərlə bağlı ehtiyatlara ayrılıb, vergiləri çıxandan sonra bankın xalis mənfəəti 7,7 milyon manat olub – 2020-ci illə müqayisədə təqribən 10% artıq.
Bank sürətlə «böyüyüb»
Bütün ölkə iqtisadiyyatı üçün o qədər də sadə olmayan 2021-ci ildə «Expressbank» sürətli böyüyə bilib – onun aktivləri ilin əvvəlindəki 313 milyon manatdan 351 milyon manata yüksəlib – 12% artım.
Kredit portfeli artıb və «təmizlənib»
Belə sürətli artım kredit portfelinin böyüməsi ilə bağlıdır. Bankın kreditləri 50 milyon manatdan çox artaraqn 209 milyon manatdan 261 milyon manata yüksəlib.
Biznes kreditləri 37% artıb
Ötən il kredit portfeli bütün istiqamətlərdə böyüyüb. Burada əsas yeri istehlak kreditləri tutsa da – 21% artaraq 138 milyon manata çatıb – ən böyük artım biznes kreditlərində baş verib. Expressbankın biznes kreditləri portfeli 37%-ə yaxın artaraq 65 milyondan 89 milyon manata yüksəlib. Daşınmaz əmlak kreditlərində 10% artım var – 33 milyon manat.
Kredit portfelinin keyfiyyəti də pis deyil – buradan cəmi 10 milyon manat ehtiyata ayrılıb və xalis kreditlər 250 milyon manat olub – ötən il 194 milyon manat idi.
Digər aktivlərini azaldıb
2021-ci ildə «Expressbank» kredit portfelini böyütmək üçün nağd vəsaitlərini azaldıb – 30 milyon manatdan 25 milyon manata enib, eləcə də qiymətli kağızlara yatırımlarını azaldıb – 46 milyon manatdan 39 milyon manata düşüb. Bundan başqa, «Expressbank» digər banklarda olan depozitlərinin böyük hissəsini geri çəkib – 5,8 milyondan 1,6 milyon manata endirib, eləcə də başqa banklara verilən kreditləri 3 milyon azaldıb – 9 milyondan 6,7 milyon manata endirib. Və bütün bu vəsaitlər kredit portfelinə yönəldilib. Yeri gəlmişkən, bank kredit portfelini böyütmək üçün kənardan daha 5 milyon kredit əldə edib.
Öhdəlikləri depozitlərin hesabına artıb
2021-də «Expressbank»ın öhdəlikləri də 35 milyon manat artaraq 192 milyondan 227 milyon manata yüksəlib.
Depozit portfeli 38 milyon manat artaraq 118 milyondan 156 milyon manata yüksəlib.
Ötən il bankda fiziki şəxslərin əmanətləri 28% artaraq 93 milyondan 119 milyon manata, hüquqi şəxslərin depozitləri isə az qala 50% artaraq 25-dən 37 milyon manata yüksəlib.
Bankın kapitalı isə 2021-ci ilin yekunlarına görə təqribən 2,5 milyon manat artaraq 123,8 milyon manat olub.