Azərbaycan Konstitusiya Məhkəməsi məhkəmə qərarını yerinə yetirməyərək borcunu qaytarmayan şəxslərə qarşı tədbirlərlə bağlı mövqeyini açıqlayıb. FED.az HÜQUQ xəbər verir ki, bu, KM-nin sədri Fərhad Abdullayev bildirib ki, belə şəxslərin həbs edilməsi mütləq deyil. Onlara qarşı bütün qanuni tədbirlər görüldükdən və nəticəsiz qaldıqdan sonra sərt inzibati tədbirlər görülə bilər.
FED.az xəbər verir ki, F.Abdullayev, bu açıqlaması ilə Konstitusiya Məhkəməsinin bir qədər əvvəlki qərarına aydınlıq gətirib. Söhbət "Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2-ci və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il 4 sentyabr tarixli Qərarından gedir.
Eləcə də bax: 55 min manat borca görə - YENƏ HƏBS EDƏCƏKLƏR
F.Abdullayevin sözlərinə görə, qərarda göstərilib ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər.
F.Abdullayev bildirib ki, bu Qərarda Konstitusiya Məhkəməsinin Plenumu ədalətlilik prinsipinə istinad edərək vurğulayıb ki, həmin prinsip inzibati xəta sayılan əmələ görə xəta törətmiş hər bir şəxsin qanun qarşısında məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir.
«Konstitusiya Məhkəməsinin Plenumu qeyd edib ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən, hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır.
Bununla da Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlib ki, İnzibati Xətalar Məcəlləsinin 9.2-ci, 12-ci və 35-ci maddələrinin mənası baxımından, şəxs həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra məhkəmə və digər orqanların qərarlarını icra etmədikdə (qərəzli olaraq icra etməmə istisna olmaqla), yenidən inzibati məsuliyyətə cəlb oluna bilər».