Xəbər verildiyi kimi Konstitusiya Məhkəməsinin plenumu İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri ilə əlaqəli şəkildə şərh olunmasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxıb. FED.az xəbər verir ki, KM-nin bu məsələni araşdırmasının əsas səbəbi iki xanım arasında olan 55 min manatlıq borc olub.
Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 aprel 2015-ci il tarixli qətnaməsinə görə, Ş.Həsənovadan 55 000 manat pul alınaraq A.Nurullayevaya ödənilməsi qət edilib və həmin qətnamə əsasında 25 may 2015-ci il tarixli icra vərəqəsi verilib. Lakin Ş.Həsənova borcu ödəməyib və bununla bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməyib.
Nəticədə Xətai rayon İcra Şöbəsinin icra məmuru tərəfindən 17 may 2016-cı il tarixində protokol tərtib olunaraq məhkəməyə verilib və Xətai Rayon Məhkəməsinin 17 may 2016-cı il tarixli qərarı ilə Ş.Həsənova 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 günlük həbs cəzasına məhkum edilib.
Ş.Həsənovanın apellyasiya şikayəti əsasında işə baxan Bakı Apellyasiya Məhkəməsinin 20 may 2016-cı il tarixli qərarı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 may 2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılıb.
Amma pul bundan sonra da qaytarılmayıb və Xətai rayon İcra Şöbəsinin icra məmuru İnzibati Xətalar Məcəlləsinin 35-ci maddəsinə əsaslanaraq 18 ay müddət keçdikdən sonra Ş.Həsənova həmin icra vərəqəsi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyindən yenidən İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 29 noyabr 2017-ci il tarixli protokol tərtib edərək baxılması üçün məhkəməyə təqdim edib.
Amma Xətai Rayon Məhkəməsinin 29 noyabr 2017-ci il tarixli qərarı ilə bu cəza qəbul edilməyib. Məhkəmə öz qərarına onunla əsaslandırıb ki, Ş.Həsənova artıq bir dəfə bu səbəbdən həbs edilib, İnzibati Xətalar Məcəlləsinin 9.2-ci maddəsinə əsasən isə, bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz.
Amma Bakı Apellyasiya Məhkəməsi XƏtai məhkəməsinin bu qərarını ləğv edərək inzibati xəta haqqında materialı yenidən baxılması üçün həmin məhkəməyə qaytarıb.
Xətai Rayon Məhkəməsinin 7 fevral 2018-ci il tarixli qərarı ilə Ş.Həsənova barəsində həmin işə yenidən xitam verilib, yəni həbs cəzası verilməyib.
Amma Bakı Apellyasiya Məhkəməsi də özünün 1 mart 2018-ci il tarixli qərarı ilə Xətai Rayon Məhkəməsinin qərarını elə eyni səbəbdən ləğv edərək yenidən baxılması üçün həmin məhkəməyə göndərib.
Cavabında Xətai Rayon Məhkəməsi Konstitusiya Məhkəməsinə müraciət edərək xahiş edib ki, şəxsin eyni pozuntuya görə, təkrar tənbeh edilməsinin mümkünlüyünü araşdırsın.
İşin hallarını araşdıran Kontstitusiya Məhkəməsi isə bildirib ki, indiyədək mövcud olan hüquqi çərçivədə inzibati məsuliyyətdən sonra borclunun hüquqazidd davranışı davam etdiyi halda onun cinayət məsuliyyətinə cəlb olunması mümkündür, amma bu məhkəmə icraçıları qurumunun rəhbərinin təqdimatı əsasında olmalıdır.
Konstitusiya Məhkəməsi bildirib ki, məhkəmə qərarını icra etməyən şəxsin bunu qərəzli olaraq edib-etməməsi və ya məhkəmə aktlarının icrasına maneçilik törətməsi həmin şəxs inzibati məsuliyyətə cəlb edildikdən sonra aydınlaşdırılmalıdır və yalnız bu əlamət mövcud olduqda cinayət təqibi başlana bilər.
Beləliklə, “İcra haqqında” Qanunun 82-ci maddəsi icra məmurunun üzərinə məhkəmə qərarının icra edilməsi üçün görülmüş tədbirlər nəticə vermədiyi hallarda borclunun, ilk növbədə, inzibati məsuliyyətə, icra sənədi qərəzli olaraq icra edilmədikdə isə cinayət məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görmək vəzifəsini qoymuşdur.
Eyni zamanda İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edərsə, həmin Məcəllənin 9.2-ci maddəsinə uyğun olaraq, o, Məcəllənin 35-ci maddəsində nəzərdə tutulan müddət nəzərə alınmadan yenidən inzibati məsuliyyətə cəlb oluna bilər.
Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 2014-cü il 18 dekabr tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi təkrarlayaraq bir daha qeyd edir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar:
- məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi;
- borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi;
- borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi;
- borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi.
Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, İnzibati Xətalar Məcəlləsinin 9.2, 12 və 35-ci maddələrinin mənası baxımından, şəxs həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra məhkəmə və digər orqanların qərarlarını icra etmədikdə (qərəzli olaraq icra etməmə istisna olmaqla), yenidən inzibati məsuliyyətə cəlb oluna bilər.