«AFB Bank» 2017-ci ilin yanvar-sentyabr ayları üzrə əsas maliyyə göstəricilərini açıqlayıb. FED.az bankın rəsmi hesabatına əsasən məlumat verir ki, bu ilin 9 ay ərzində “AFB Bank”ın faiz gəlirləri ötən ilin sonuna olan göstəriciləri ilə müqayisədə 4,8% azalaraq 17,9 mln. manat, faiz xərcləri 22,7% azalaraq 2,2 mln. manat, qeyri-faiz gəliri 52,2% azalaraq 8,6 mln. manat, qeyri-faiz xərcləri 7,5 dəfə artaraq 10,4 mln. manat təşkil edib.
Cari ilin oktyabrın 1-nə bankın aktivləri 349,5 mln. manat olub ki, bu da 2016cı ilin sonu ilə müqayisədə 19,4% çoxdur. Bunun 219,9 mln. manatı müştərilərə verilmiş kreditlərdir. Son 9 ayda bankın kredit portfelində 13,5% artım müşahidə olunub.
Hesabat tarixinə bankın ümumi öhdəlikləri 30,7% artaraq 281,9 mln. manat təşkil edib ki, bunun da 143,4 mln. manatı müştərilərdən cəlb olunmuş depozitlərdir. Həmçinin son 9 ayda bankın depozit portfelində 30% artım müşahidə olunub.
Ötən ilin sonuna olan göstərici ilə müqayisədə bankın kapitalı 12,1% azalaraq 67,6 mln. manat təşkil edib.
Qeyd edək ki, bankın dövrü zərərlə vurmasının əsas səbəbi mümkün zərərlərin ödənilməsi üçün yaradılan xüsusi ehtiyatlara 25 mln. həcmində vəsait ayırmasıdır.