Baş bankir Elman Rüstəmov Azərbaycanın bank sektorunda aparılan sağlamdaşdırma tədbirləri və buna gətirən səbəbləri bir daha açıqlayıb.
Eləcə də bax: Elman Rüstəmov: «AGBank» və «NBC Bank»da vəziyyət ürəkaçan deyil
FED.az xəbər verir ki, Real TV-yə müsahibəsində baş bankirin sözlərinə görə, həmin banklardakı əmanətlərin böyük hissəsinin qaytarılmasında problem vardı. Xüsusilə «Ata bank»a diqqətin yönəldən AMB sədri bildirib ki, «bu gün 10 minlərlə insanın öz əmanətlərnə çıxış yoxdur. Daha dəqiqi, faktiki olaraq həmin insanların əmanətləri artıq yoxdur. Banklar həmin əmanətləri itiriblər. Burada əhalinin günahı yoxdur və həmin əmanətləri bərpa etmək, qaytarmaq lazımdı».
Elman Rüstəmov bildirib ki, ümumilikdə dünyada iqtisadi vəziyyət, xarici mühit pisləşib, ABŞ və Avropada iqtisadi geriləmə gözlənilir. Bütün bunlar ciddi iqtisadi risklər yaradırlar: «Belə vəziyyətdə bank sektorundakı toksiki aktivlər, zəif banklar ciddi problemlər yaradırlar. Bundan da ölkənin maliyyə sistemi və iqtisadi sistemi ciddi zərərlərə düşə bilərlər. Və bunu aradan götürmək lazım idi».
Baş bankir bildirib ki, məsələnin sosial tərəfi də var: «İnsanlar pullarını götürə bilmirdilər». E.Rüstəmov bildirib ki, bütövlükdə 680 milyon manatdan artıq vəsaiti, əmanəti yenidən «diriltməklə», iqtisadiyyata qayarmaqla bank sektorunun kreditləşmə potensialı yaradılır: «İnsanlar və iqtisidmyyat bu pullardan istifadə edə biləcəklər».
Elman Rüstəmov bildirib ki, bəzi banklar problemlərini həll etmək üçün yüksək faizlərə əmanət axtarırdılar: «Bazarda əmanət faizlərini qaldırmaqla başqa banklar üçün də pis nümunə olurdular».
Bundan başqa, baş bankir etiraf edib ki, bəzi bankların əmanət sahibləri ilə olan problemləri ümümilikdə bank sektorunun imicinə zərbə vurur, reputasiyasını korlayırdılar bu da «yoluxma effekti» yaradırdı: «Atabank»da bir xarici vətəndaş (əmanətçi – FED.az) var, böyük həcmdə əmanət qoyub, gəlir-gedir, puluun tələb edir, mediada, o cümlədən sosial mediada çıxış edir, pulunu tələb edir, məhkəmə ilə hədələyirdi. Təbii ki, belə bir halın olması ölkənin ümumilikdə sağlam olan bank sektorunun və ümumilikdə ölkəminin imicinə zərbə idi».