İqtisadçı Vüqar Bayramov Prezident İlham Əliyevin problemli kreditlərlə bağlı imzaladığı Fərmanla bağlı hələ də cavabsız qalan suallara aydınlıq gətirib.
FED.az xəbər verir ki, ekspert ona ünvanlanan sualları ümumiləşdirərək, aşağıdakı şəkildə cavablandırıb.
Eləcə də bax:Bir sıra təşkilat işçilərinin maaşları qaldırılıb - MƏBLƏĞ
- Bir şəxs bir neçə bankdan kredit götürübsə, o zaman kompensasiya məbləği necə hesablanacaq?
- Bir neçə bankda kredit öhdəliyi olan vətəndaşların keditləri üzrə əsas məbləğ qalıqları toplanacaq və onların cəminə kompensasiya hesablanacaq. Bu zaman devalvasiya baş verən zaman əgər cəmi əsas kredit məbləği 10 min dollardan azdırsa, o zaman kompensasiya hesablanacaq. Məsələn, vətəndaş bir bankdan 3 min dollar, digərindən 6 min dollar kredit götürübsə, bu zaman həmin məbləğlər cəmlənəcək və 9 min dollara kompensasiya ödəniləcək.
- Lizinq müqavilələri üzrə kompensasiyanın ödənilməsi nəzərdə tutulubmu?
- Sənəd xarici valyutada olan kreditlərə kompensasiya, milli valyutada olan kreditlərə güzəşt nəzərdə tutduğundan lizinq müqavilələri üzrə kompensasiyanın ödənilməsi nəzərdə tutulmur.
- Dollar krediti üzrə öhdəliyi kredit götürən deyil, zamin ödəyibsə o zaman kompensasiya kimə veriləcək?
- Qaydalara əsasən, belə hallara fərdi qaydada baxılacaq. Məsələn, 10 min dollar kredit borcu olub, amma kredit götürən borcu ödəməkdən imtina edib və məhkəmə qərarı ilə borc zaminin əmək haqqından tutulub. Bu zaman fərdi qaydada zamin müraciət edib məsələyə baxılmasına nail ola biləcək.
- Kompensasiya məbləğini elektron hesablamaq mümkündürmü?
- Artıq Maliyyə Bazarlarına Nəzarət Palatası elektron kalkulyatoru istifadəyə verib. Bu keçidə daxil olmaqla kompensasiya məbləğləri hesablaya bilərsiniz:https://pk.fimsa.az/az/calculator Elektron kalkulyator bütün kommersiya banklarının internet səhifələrində yerləşdiriləcək.
- Ləğv olunmuş banklarda olan kreditlər üzrə kompensasiyaları necə almaq mümkün olacaq?
- Fərmana əsasən, sözügedən banklardan kredit götürən vətəndaşlar da kompensasiyadan yararlanacaqlar və bu prosesə Əmanətlərin Sığortlanması Fondu məsuldur. Fəaliyyətdə olan bank müştərilərində olduğu kimi, burada da müştərilərlə əlaqə saxlayacaqlar.