Azərbaycan Mərkəzi Bankı (AMB) 3-5 il ərzində hibrid inflyasiya hədəflənməsi rejiminə keçməyi planlaşdırır.
FED.az xəbər verir ki, fins.az-ın məlumatına görə, bunu Beynəlxalq Valyuta Fondunun (BVF) analitikləri qeyd edirlər.
Eləcə də bax: Beynəlxalq Valyuta Fondunun rəhbəri - İSTEFA VERİB
"Bu zaman AMB uçot dərəcəsi üzrə əməliyyat hədəfinə və məzənnənin sabit bazar göstəricisinə əsaslanacaq. Bu addım gələcəkdə inflyasiyanın tam hədəflənməsi üçün zəmin yarada bilər", - deyə fondun materiallarında bildirilir.
Eyni zamanda, BVF-nin ekspertləri hesab edirlər ki, hazırda müəyyən edilmiş sabit məzənnə (1,7 manat/$1 - İF) banklararası bazarın inkişafını məhdudlaşdırır.
Fond qeyd edir ki, kiçik bazar, likvidliyin idarə edilməsindəki çətinliklər, bankların həssaslığı və dollarlaşma AMB-nin faiz dərəcələrinə və inflyasiyaya təsir etməsini çətinləşdirir.
"Biz həm də Mərkəzi Bankın müstəqilliyinin möhkəmləndirilməsi, habelə üzən məzənnə rejiminə keçidin sürətləndirilməsi yolu ilə siyasətin əsaslarını təkmilləşdirməyi tövsiyə edirik", - deyə BVF-nin materiallarında qeyd olunur.