“Əgər Azərbaycan hökuməti tərəfindən “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-nin özəlləşdirilməsində iştirakla bağlı təklif gəlsə, biz bu məsələni nəzərdən keçirə bilərik”.
FED.az xəbər verri ki, bunu Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Azərbaycan ofisinin rəhbəri Aliyə Əzimova deyib.
A.Əzimovanın sözlərinə görə, IFC-nin dövlət banklarının özəlləşdirilməsi ilə bağlı təcrübəsi var: “Siz əgər IFC-nin fəaliyyətinə fikir versəniz, bir sıra ölkələrdə dövlət banklarının özəlləşdirilməsində iştirak etdiyini görərsiniz. ABB ilə bağlı məsələdə də hökumət müraciət edərsə, biz bu məsələyə baxa bilərik”.
IFC rəsmisi ABB-nin səhm paketindən neçə faizini ala biləcəklərini açıqlamayıb: “Beynəlxalq Maliyyə Korporasiyası özəlləşdirmədə iştirak edəndə, adətən, 20%-dən çox pay almağa maraqlı olmur. Amma ABB ilə bağlı məsələdə heç bir rəqəm deyə bilmərəm. Bu Bankın vəziyyətinə bağlı olan məsələdir”.
ABB ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın səhmlərinin 95,26%-i dövlətə məxsusdur.
Qeyd edək ki, IFC hazırda “AGBank” ASC-də 4,2%, “Accessbank” ASC-də isə 16,6% paya malikdir.