Fitch Beynəlxalq Reytinq Agentliyi Azərbaycan Beynəlxalq Bankının reytinqlərinə yenidən baxıb.
Bankdan "FED.az-a daxil olmuş məlumata görə, Agentlik bankın dayanıqlıq reytinqini (VR) “b-” səviyyəsinə yüksəldib. Xarici valyutada uzunmüddətli reytinqini isə sabit proqnozla “B-” səviyyəsində saxlayıb.
Agentliyin şərhində dayanıqlıq reytinqinin yüksəlməsi bankın mənfəətliliyinin artması və açıq valyuta mövqeyinin kapital üzrə təzyiqinin azalması ilə izah edilir.
Bundan başqa, öhdəliklərin könüllü restrukturizasiyası nəticəsində Azərbaycan Beynəlxalq Bankının likvidlik mövqeyi güclənib. Sağlamlaşdırma tədbirləri sayəsində bankın aktivləri daha aşağı riskli aktivlərə çevrilib. Bütün bunlar isə bankın dayanıqlıq reytinqinin yüksəlməsinə dəstəkdir.
Fitch-in təhlillərinə görə, Azərbaycan Beynəlxalq Bankının mənfəətə çıxmasında aşağı faizli maliyyələşmənin, əməliyyat xərclərinin azaldılmasının da böyük rolu var.
Hesabatda qeyd edilir ki, 2018-ci ilin 1-ci rübünün yekunlarına əsasən, bankın 1-ci dərəcəli kapitalının adekvatlıq əmsalı 19,2%-ə, məcmu kapitalının adekvatlıq əmsalı 20,5%-ə yüksəlib. Bankın likvid aktivləri müştəri hesablarındakı vəsaitləri tam əhatə edir.